×
A
A
A
Sazlamalar

Dirijor Fuad İbrahimov: Üzeyir Hacıbəyli bizim üçün misilsiz miras qoyub

Bakı, 18 sentyabr, Anara Axundova, AZƏRTAC
Hər il sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Bu bayram müasir peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günündə keçirilir. Əlamətdar gün münasibətilə Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı da açılır.
Bu əlamətdar gündə AZƏRTAC-ın müxbiri ölkəmizin mədəniyyət və incəsənət xadimləri, musiqiçilərlə söhbət edib.

Fuad İbrahimov – Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqi rəhbəri və baş dirijoru:
-Üzeyir Hacıbəyli bizim üçün misilsiz miras qoyub. Bu miras olmasaydı, biz indiki səviyyəyə çata bilməzdik, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və bir çox başqa görkəmli musiqiçilərimiz də yetişməzdi. Üzeyir bəy sözün həqiqi mənasında musiqi mədəniyyətimizin banisidir.
Bu gün, sentyabrın 18-də Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışıdır. Üzeyir Hacıbəyli adına Orkestr ilə konsertimiz olacaq. Proqram kifayət qədər maraqlıdır - həm Hacıbəylinin əsərləri, həm də uzun müddət ifa olunmayan bəstələr səslənəcək. Ən diqqətçəkən məqamlardan biri də görkəmli şair və dramaturq Hüseyn Cavidin oğlu - Hacıbəylinin tələbəsi, müasirlərinin onun haqqında dediyi kimi, dahi bəstəkarın ən sevimlisi olmuş Ərtoğrulun yaratdığı əsər olacaq. Təəssüf ki, o, dünyasını erkən dəyişdi. Onun böyük müəlliminə həsr etdiyi əsər - fortepiano üçün “Doqquz variasiya” gənc bəstəkarımız Ayaz Qəmbərli tərəfindən çox uğurla orkestrləşdirilib. İndi isə uzun müddətdir ifa olunmayan bu əsər festivalın açılışında yeni orkestr variantında ifa olunacaq.

Mədəniyyət 2024-09-18 13:00:00