Professor Zümrüd Dadaşzadə: Azərbaycan musiqisi bizim sərvətimizdir
Bakı, 18 sentyabr, Anara Axundova, AZƏRTAC
Hər il sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Bu bayram müasir peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günündə keçirilir. Əlamətdar gün münasibətilə Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da açılır.
Bu əlamətdar gündə AZƏRTAC-ın müxbiri ölkəmizin mədəniyyət və incəsənət xadimləri, musiqiçilərlə söhbət edib.
Zümrüd Dadaşzadə - musiqişünas, professor, Əməkdar incəsənət xadimi
-Azərbaycan musiqisi bir fenomendir, bizim sərvətimizdir. Musiqimiz Azərbaycan mədəniyyəti və incəsənətinin, milli təfəkkürün, psixologiyanın, fəlsəfənin, mentalitetin bütün təzahürlərini ehtiva edir. Bu musiqidə çoxlu üslub, janr və ənənələr öz təcəssümünü tapıb.
Ölkəmizdə istedadlı gənclər çoxdur. Onların beynəlxalq müsabiqə və festivallardakı uğurları olduqca ruhlandırıcı və sevindiricidir. Bir çoxları indi xaricdə, dünyanın ən yaxşı musiqi universitetlərində təhsil alırlar. Bizi əhatə edən fonosferanın saflığı uğrunda mübarizə aparmaq hər birimizin borcudur. Yüksək bədii səviyyəli gözəl, məlahətli musiqi səslənməlidir. Ümid edirəm ki, Azərbaycan musiqisi öz ifaçılıq məktəbi ilə bizi bundan sonra da sevindirəcək. Bundan əlavə, əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş parlaq bəstəkarlıq məktəbimiz var. Bir vaxtlar görkəmli bəstəkar Dmitri Şostakoviç bu barədə danışırdı.
Üzeyir bəyin doğum günündə Milli Musiqi Gününü keçiririk və bu, olduqca əlamətdardır! Dərs ilimizin Milli Musiqi Günü ilə başlaması da əlamətdar hadisədir. Üzeyir bəy sanki bizi yüksək sənət naminə birləşməyə çağırır. O, Azərbaycan mədəniyyəti tarixində, ümumən ölkəmizin tarixində nadir şəxsiyyətdir. Son bir neçə ayda Üzeyir bəyin yaradıcılığını, həyat və fəaliyyətini dərindən öyrənirdim. Onun üçün məhz milli musiqi təfəkkürünü üzə çıxarmaq çox vacib idi. O, “Azərbaycan xalq musiqisinin əsasları” adlı nadir tədqiqat əsərində milli musiqinin bütün qanunauyğunluqlarını müəyyən edib. Bu əsərin əhəmiyyətini Qara Qarayev “Üzeyir bəy mənim milli ruhum uğrunda çarpışırdı” deyərkən çox lakonik şəkildə ifadə edib.
Sentyabr ayında Azərbaycanda möhtəşəm Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi də çox gözəldir. Üstəlik, festival təkcə Bakı şəhəri ilə məhdudlaşmır. Şuşada, Gəncədə və Lənkəranda da keçirilir, yəni, Azərbaycanın bütün əsas konsert məkanlarını əhatə edir. Bu festivalın əhəmiyyəti həm də mühüm simpoziuma ev sahibliyi etməsidir. Bu simpoziumda mən “Üzeyir Hacıbəyli. XXI əsrdən baxış” adlı məruzə ilə çıxış edəcəyəm. Bəzi suallara cavab verməyə çalışacağam: bu gün Üzeyir bəyin hansı ideyaları yaşayır, onlar bəstəkar yaradıcılığında necə həyata keçirilir, biz onun vəsiyyətlərinə nə dərəcədə əməl edirik, onun hansı ideyaları bu gün bəstəkarlar üçün aktualdır; onlar isə hələ də aktualdır.
Belə bir deyim var; dahi olan, məhz yol göstərən şəxsdir. Üzeyir bəy təkcə Azərbaycan bəstəkarlarına yol göstərən qaydalar yaratmayıb. Onun yaradıcılığı Türk dünyasının, Şərqin bir çox bəstəkarı üçün nümunə olub. Üzeyir bəy XX əsrin əvvəlində yenicə formalaşan gənc bəstəkarlar məktəbinə təsir edib. O, hər şeyin, ən azı türk akademik musiqisinin banisidir! Dahi bəstəkarın dünya mədəniyyətində rolu mütləq şəkildə sübuta yetirilib.
İstanbulda "Azərbaycan Rüzgarı" adlı musiqi qrupu yaradılıb
“TRT” xəbər agentliyi Azərbaycan şairi Əhməd Cavad haqqında geniş xəbər hazırlayıb
“QGallery”də “Yaşıl Dünya Naminə Həmrəylik” adlı sərgi açılacaq
Bakıda “Qərbi Azərbaycanın şirin inciləri" kitabının təqdimatı olub