Vitse-prezident: Tarixi anlara şahidlik etmək qürurverici hissdir
Bakı, 17 sentyabr, AZƏRTAC
“Tarixi anlara şahidlik etmək qürurverici hissdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə "Qoliat" ekspedisiyasını Xəzər dənizində davam etdirmək qərarına gələn tanınmış səyyahlar Karl Buşbi və Anjela Maksvelin Qazaxıstandan Azərbaycana Xəzər dənizini üzərək gəlmələri barədə danışarkən deyib.
O, səyyahların 32 gündə 132 saat üzdüklərini qeyd edib: "Ümumi tur yaxşı keçdi. Karl Buşbi dünyaşöhrətli səyyahdır. Azərbaycan üzgüçüləri Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmovun bu marafondakı iştirakı bizi daha da qürurlandırır".
Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov bu marafonu tarixi gün olaraq adlandırıb: "Azərbaycan üzgüçülük tarixində ilk dəfə iki əcnəbi və iki yerli idmançı 41 günlük səyahət etdilər. Bunlar barədə hər zaman kitablarda oxuyardıq. Artıq tarixi hadisə ölkəmizdə də reallaşdı".
Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən dəniz səyahəti Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı sahildən başlayıb. Hər iki səyyah Azərbaycana çatmaq üçün 41 gün ərzində 288 kilometr məsafə qət edib.
Səyahət zamanı onlarla iki gənc idmançımız - 15 qat respublika çempionları Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da birgə üzüblər.
Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl Buşbi bu missiyaya hələ 1998-ci ilin noyabrında 38 min kilometrlik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel son 7 il ərzində 4 qitədə - 14 ölkədə olub, susuz səhraları, qarlı dağları gəzərək ümumilikdə 32 min 186 kilometr məsafə qət edib.
“Neftçi” kolumbiyalı futbolçu ilə yollarını ayırıb
Azərbaycan Voleybol Federasiyasının nümayəndələri beynəlxalq komissiyalara üzv seçiliblər
“Mançester Yunayted”in məşq prosesini gizli saxlamaq üçün nəhəng divar inşa edilib
Gənclər və İdman Nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub
Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim