×
A
A
A
Sazlamalar

“Struma səhnələri” festivalında Azərbaycan uşaqlarının rəsmləri nümayiş olunub

Bakı, 17 sentyabr, AZƏRTAC

Bolqarıstanın Yunanıstanın Saloniki şəhərindəki Baş Konsulluğunun himayəsi, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin tərəfdaşlığı və Küstendil meriyası, “Presto” musiqi evi və “Bratstvo 1869” icma mərkəzinin təşkilatçılığı ilə IV “Struma səhnələri” beynəlxalq festivali keçirilir. Builki festivalda Azərbaycan, Almaniya, Yaponiya, Bolqarıstan, Yunanıstan, Kamboca, İsveçrə, Çin və digər ölkələrin nümayəndələri konsert, teatr və bədii emalatxanalarını, sərgilərini təqdim ediblər. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi festivalda “Qızılgül – Azərbaycan-bolqar dostluğunun rəmzi” mövzusunda rəsm sərgisini nümayiş etdirib.
Bu barədə AZƏRTAC-a Mərkəzdən məlumat verilib.
Festivalın direktoru Nadejda Dimitrova sərgini açaraq Mərkəzin festivalın yaxın tərəfdaşı olduğunu qeyd edib və qurumun dəstəyini yüksək qiymətləndirib.
Mərkəzin müdiri Sofiya Şıqayeva-Mitreska sərginin yaranma ideyasından danışıb. O bildirib ki, bu sərgi mart ayında Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə həyata keçirdiyi “Bahar paralelləri: Azərbaycan-Bolqarıstan” layihəsinin bir hissəsidir. Həmin layihədə qızılgül rəsmləri Azərbaycanda yerləşən “Uni Kids Club” studiyasının uşaqları tərəfindən çəkilib. Sofiya Şıqayeva-Mitreska layihənin digər hissəsi haqqında məlumat verərək, onun xarıbülbül gülünə və nar çiçəyinə həsr edildiyini, rəsmlərin bolqar uşaq və tələbələri tərəfindən çəkildiyini söyləyib.
Sərginin açılışından sonra uşaqlar üçün xaribülbül formasında kompozisiya yaratmaq üçün ustad dərsi keçirilib.
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə reallaşan rəsm sərgisi Azərbaycan və bolqar xalqlarının bir-birinin adət-ənənələri və mədəniyyətləri ilə qarşılıqlı tanışlığına töhfə verən bir layihədir. Festival çərçivəsində nümayiş edilən rəsmlər və ustad dərsləri Küstendil şəhərinin sakinlərinin və qonaqlarının böyük marağına səbəb olub.

Mədəniyyət 2024-09-17 18:56:00