Yengicə su anbarının tutumu 17,5 milyon kub olacaq - tikinti işləri davam edir FOTO
Bakı, 17 sentyabr, AZƏRTAC
Qəbələ rayonunda yerləşən Yengicə su anbarının tikinti işləri davam edir. Göl ərazisinin təmizlənməsi, bənd özülünün qazılması, gil karxanasının üst qatının açılması və sel sutullayıcısı üzrə qazma işləri tamamlanıb, qülləli suburaxıcı qurğu, suburaxıcı tunel üzrə dəmir-beton və bənd üzrə tökmə işləri isə davam etməkdədir.
AZƏRTAC xəbər verir ki, Yengicə su anbarının ümumi su tutumu 17,5 milyon kub, istifadə edilən həcmi isə 12,4 milyon kub olacaq. Çay hövzəsində qurulan bəndin ümumi uzunluğu 449,5 metrə, hündürlüyü isə 45 metrə çatacaq. Anbar tikilib istifadəyə verildikdən sonra 15 kəndin ərazisində yaşayan 3 minə yaxın fermer təsərrüfatının su təminatı tamamilə yaxşılaşacaq. Ümumilikdə su anbarı tikildikdən sonra Qəbələ rayonunun aran hissəsində 10 min hektar, o cümlədən 6 min hektar yeni torpaq sahəsinin suvarılması tam təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.
Qeyd edək ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot işinin və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər həyata keçirilir və hazırda davam etməkdədir.
Tədbirlər planına uyğun olaraq reallaşdırılan layihələrdən biri də Yengicə su anbarının tikintisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Prezident İlham Əliyevin “Yengicə su anbarının tikintisi haqqında” 2023-cü il 12 aprel tarixli Sərəncamına əsasən su anbarının tikintisinə başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarının artırılmasının, əkinəyararlı torpaqların genişləndirilməsinin, müasir təsərrüfatların yaradılmasının və əhalinin məşğulluğunun artırılmasının təşviqidir.
Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb
Aqrar Sığorta Fondu fermerlərə müraciət edib
Latviya, Estoniya və Finlandiya şirkətləri Naxçıvanda
Naxçıvanda əhalinin banklardakı əmanətlərinin məbləği artıb
Neftçalalı fermer yeni pambıq sortu əkib, yüksək məhsuldarlıq gözləyir VİDEO