×
A
A
A
Sazlamalar

Gənc muğam ifaçısı: Məqsədim Azərbaycanın gözəl incisi olan muğamı dünyada təbliğ etməkdir

Bakı, 16 sentyabr, Gülay Nəzərova, AZƏRTAC
AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.
Budəfəki həmsöhbətimiz beynəlxalq və respublika müsabiqələri laureatı, “Qran-Pri” mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının tələbəsi, muğam ifaçısı Ədilə Əliyevadır.
On yeddi yaşlı Ədilənin musiqiyə olan həvəsi həmyaşıdları kimi uşaq vaxtlarından yaranıb. Onun musiqiyə olan sevgisini ilk dəfə atası hiss edib. Ədilə hələ 4 yaşında olarkən muğam müəllimi Xəyalə Əliyevadan xanəndəlik üzrə dərslər almağa başlayıb. O, ilk təhsilini 123 nömrəli tam orta məktəbdə alıb. Sonra 24 nömrəli Musiqi məktəbinə daxil olub. Həmin məktəbdə oxuduğu illər ərzində bir çox tədbirlərdə fəal iştirak edib. Daha sonra Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında tanınmış ifaçı Aytən Məhərrəmovanın sinfində xanəndəlik ixtisası üzrə təhsilinə davam edib.

Ədilə muğama olan sevgisinin böyüdüyü mühitdən yarandığını deyib: “4 yaşım olanda rəqsə və mahnı oxumağa başlamışdım. Özüm üçün oxuyur, duyduğum bütün musiqi sədaları diqqətimi cəlb edirdi. Atamın da musiqi duyumu olduğu üçün bu sahəyə olan həvəsimi tezliklə anlamışdı. O vaxt musiqi məktəbində təhsil almaq üçün yaşım çatmadığından məni muğam müəlliməsinin yanına apardılar. Yaşımın az olmasına baxmayaraq, muğamın sirlərini öyrəndikcə özümü onda tapmışdım. Həvəslə başladığım bu yol həyatımın əsas hissəsinə çevrilmişdi. İlk uğurum isə 6 yaşımda Türkiyədə qatıldığım uşaq festivalındakı ifam olub. Daha sonra qatıldığım bir çox tədbirlər mənə təcrübə olmaqla yanaşı, musiqi sahəsinə olan bağlılığımı daha da artırdı. Kiçik yaşlarımdan həvəs saldığım bu yolun gələcəyim üçün parlaq bir səhifəyə çevriləcəyini hiss edirdim”.

“Muğam ifaçısı olaraq xəyallarımın ardınca getmək və reallaşdığını görmək mənim üçün möhtəşəm hissdir. İştirak etdiyim tədbirlərdə biz gənclərə dövlətimiz tərəfindən verilən dəstəyi gördükcə bu sahəyə həvəsim daha da artır. Belə ki, muğam sənətinin inkişafına böyük töhfələr verən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın söylədiyi “Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır” cümləsi bir gənc muğam ifaçısı olaraq mənim üçün çox dəyərlidir. Çünki muğam ifaçıları olaraq biz bu sənəti qorumalı, ifalarımız ilə muğamın gözəlliyini bütün dünyaya tanıtmalıyıq. Bunun üçün bizə dövlətimizin yaratdığı şərait, göstərilən diqqət və qayğı təqdirəlayiqdir. Biz gənclər isə bu şəraitdən yararlanaraq ölkəmizi hər zaman layiqincə təmsil etmək üçün çox çalışırıq və çalışacağıq”, - deyə Ədilə diqqətə çatdırıb.

Gənc ifaçı İncəsənət Gimnaziyasında Aytən Məhərrəmovanın sinfində təhsil aldığı müddətdə bir çox nailiyyətlər qazanıb. Ədilənin sözlərinə görə, müəlliməsi onun təkcə muğam sahəsində deyil, bir gənc olaraq sağlam ruhda da inkişaf etməyində müstəsna rol oynayıb. O, Azərbaycanı sadəcə ölkə daxilində deyil, xaricdə də təmsil etməyin qürurunu yaşayıb. Belə ki, Ədilə bir çox beynəlxalq və respublika müsabiqələrinə qatılıb. O, 2021-ci ildə “Pöhrə” müsabiqəsində I yeri qazanıb. Həmçinin “World Harmony” müsabiqəsində 2 il ardıcıl olaraq II yerin qalibi olub. Gənc ifaçı VIII “Muğam” Televiziya Müsabiqəsinin diplomantıdır. Eyni zamanda, 2022-ci ildə beynəlxalq müsabiqədə “Qran-Pri” mükafatına layiq görülüb. Gürcüstanda, Türkiyədə olan musiqi festivallarında iştirak edən Ədilə Azərbaycanı bir çox xarici ölkələrdə təmsil etməyin xəyalını yaşayır.

Ədilə Əliyeva bu il qəbul olduğu Azərbaycan Milli Konservatoriyasında təhsilini davam etdirəcək. Ən böyük arzusu tanınmış xanəndə kimi yetişmək, məzun olduqdan sonra Konservatoriyada müəllim kimi fəaliyyət göstərməkdir. Onun xəyalı gələcək nəslə muğam sənətinin sirlərini öyrətmək, Azərbaycanın gözəl incisi olan muğamı dünyada təbliğ etməkdir. Gənc muğam ifaçısı bunun üçün muğam aləminin yeniliklərini həvəslə öyrənməyə davam edir, hazırda öz üzərində çox çalışır.
Biz də bu yolda ona uğurlar arzulayırıq.

Mədəniyyət 2024-09-16 17:59:00