Xəzər İsayev: Azərbaycan Formula 1 kimi mötəbər yarışların təşkilində peşəkar ölkəyə çevrilib
Bakı, 16 sentyabr, AZƏRTAC
“Azərbaycanın nüfuzlu turnirlərə ev sahibliyi etməsi dövlətimizin irəlidə gedən idman ölkəsi olduğunu göstərir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi ilə bağlı danışarkən deyib.
Sentyabrın 13-15-də Bakıda keçirilmiş Formula 1 Qran-Prisində yaradılmış yüksək təşkilatçılıqdan bəhs edən MOK rəsmisi Azərbaycanın belə mötəbər yarışların təşkilində peşəkar ölkəyə çevrildiyini vurğulayıb: “Azərbaycan digər yarışlarda olduğu kimi, Formula 1-də də yüksək təşkilatçılıq bacarığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Bildiyimiz kimi, Formula 1 dünyada bir nömrəli yarışlardan hesab olunur. Bu yarışın ardıcıl 8 il Azərbaycana həvalə olunması ölkəmizin dünya miqyasında nüfuzunu daha da artırır. Bu cür mötəbər yarışların təşkili üçün ölkəmizdə beynəlxalq standartlara cavab verən idman qurğuları və müxtəlif obyektlər fəaliyyət göstərir. Bununla yanaşı, 2015-ci ildə ilk Avropa Oyunlarının və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının məhz Bakıda keçirilməsi də Azərbaycan idmanı üçün ən mühüm hadisələrdən biri hesab olunur. Bu Oyunlar uğurla başa çatdıqdan sonra Avropa Olimpiya Komitələri idmançılar üçün yaradılmış şəraitə görə Azərbaycana öz təşəkkürünü bildirib. Bu da onu göstərir ki, dövlətimizin qayğısı həmişə idmanımızın üzərindədir. Heç bir ölkə beynəlxalq turnirlərə bu səviyyədə hazırlaşmır. Təkcə idmançılar deyil, turistlər də Azərbaycana gəlməkdən, buradakı dadlı yeməklərdən və görməli yerlərdən zövq alırlar. Şəhərimizə gələn qonaqlar ölkəmizdə gördükləri xidmətdən və qonaqpərvərlikdən razı qalırlar”.
X.İsayev beynəlxalq idman federasiyalarının prezidentlərinin Azərbaycana gəlişinin də xoş məqam olduğunu diqqətə çatdırıb: “Avropa Ağırlıqqaldırma Federasiyası (EWF) və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidentləri ölkəmizdə səfərdə olublar və belə qənaətə gəliblər ki, Azərbaycan idmana xüsusi diqqət ayıran ölkədir. Avropa Gimnastika Federasiyasının prezidenti də gənclər və idman nazirimiz Fərid Qayıbovdur. O, böyük bir təşkilata rəhbərlik etməklə ağır məsuliyyəti öz üzərinə götürüb. Ümumiyyətlə, xarici nümayəndələrin ölkəmizə səfəri bizim onlarla yaxşı münasibətimizin təzahürüdür. Onların gəlişi ilə federasiyalarımızda yeniliklər baş qaldırır. Hər bir federasiya mötəbər tədbirlərin təşkili ilə bağlı böyük məmnuniyyətlə Azərbaycana müraciət edir. İstəyirlər ki, onların tədbirləri böyük turnirlərə ev sahibliyi etmək baxımından təcrübəli ölkədə keçirilsin. Bu həm xoş, həm də peşəkar yanaşmadır. Beynəlxalq idman federasiyalarının prezidentləri belə yarışları rahatlıqla Azərbaycana həvalə edirlər. Çünki ölkəmizin bunun öhdəsindən layiqincə gələcəyini yaxşı bilirlər”.
“Mançester Yunayted”in məşq prosesini gizli saxlamaq üçün nəhəng divar inşa edilib
Gənclər və İdman Nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub
Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim
Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib
Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb