×
A
A
A
Sazlamalar

Sülhə və təhlükəsizliyə töhfə verən beynəlxalq tədbirlərdə Azərbaycanın fəal iştirakı təqdirəlayiqdir RƏY

Bakı, 16 sentyabr, AZƏRTAC

“Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidə mövqeləri gündən-günə möhkəmlənir, nüfuzu artır. Bu, həm müasir tariximizin reallığı, həm də ölkəmizin dünya dövlətlər sisteminə uğurlu inteqrasiyasının göstəricisidir. Hesab edirəm ki, sülh, müdafiə və təhlükəsizlik, eləcə də digər mövzulara həsr olunmuş dünya əhəmiyyətli toplantıların, tədbirlərin ölkəmizdə keçirilməsi eyni zamanda, Azərbaycanın dünyanın ən mötəbər tədbirlərinə dəvət alması dövlətimizə olan etibar və etimadın nəticəsidir. Bütün bunlar Azərbaycanın artan nüfuzunun sübutu olmaqla yanaşı, regionumuzda sülhün bərqərar olmasına, müdafiə qüdrətimizin daha da gücləndirilməsinə, təhlükəsizliyimizin təmin olunmasına müsbət töhfələr verir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov deyib.
İ.İsmayılov bildirib ki, Azərbaycan sülhə və təhlükəsizliyə xidmət edən beynəlxalq tədbirləri daim dəstəkləyir və orada fəal təmsil olunur.
“Sevindirici haldır ki, ölkəmiz artıq bir sıra dünyamiqyaslı tədbirlərə ev sahibliyi edir, həm də böyük iqtisadi layihələrdə iştirak edir. Bildiyimiz kimi, Azərbaycan tarixi “İpək yolu”nun bərpasını özündə ehtiva edən “İpək yolu iqtisadi kəməri”nin yaradılması layihəsində iştirak etməklə, Avropa ilə Asiyanı dəmir yolu şəbəkələri vasitəsilə birləşdirilməsində böyük rol oynayır. Belə layihələrin gerçəkləşdirilməsi bir sıra dövlətlərin dünya bazarına çıxışını asanlaşdırır, ölkələr arasında münasibətləri möhkəmləndirir, sabitliyə və sülhə xidmət edir. Beynəlxalq layihələrdə ölkəmizin həm söz sahibi olması, həm də fəal iştirakı qürurverici haldır.
11-ci Syanşan forumu kimi tədbirlər və iqtisadi layihələr təhlükəsizliyin təmin olunmasında da böyük əhəmiyyət kəsb edir, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirməsini şərtləndirir. Bəhs olunan sahədə, əsasən də iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsində və sülhə beynəlxalq dəstək missiyalarında dövlətimiz böyük təcrübəyə malikdir. Belə ki, dövlətimiz bu istiqamətdə digər ölkələrlə əməkdaşlığı uğurla davam etdirir və bu sahəyə böyük önəm verir”, - deyə hərbi jurnalist vurğulayıb.
Ehtiyatda olan polkovnik-leytenant əlavə edib ki, Azərbaycanın Avropa və Asiyanın qovuşduğu coğrafi regionda, həmçinin nəqliyyat qovşağı rolu oynayan tarixi ərazidə yerləşməsi də ölkəmizin iqtisadi layihələrdə həm rolunu artırır, həm də gərgin iş, məsuliyyət, qətiyyətli addımlar tələb edir. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, sərgilədiyi diplomatik səylər sayəsində dövlətimiz bu vəzifələrin öhdəsindən uğurla gəlməkdədir: “Müdafiə nazirinin müavini-baş direktor Aqil Qurbanovun rəhbərliyi ilə nümayəndə heyətimizin iştirak etdiyi “Ortaq gələcək üçün sülhün təşviqi” devizi ilə keçirilən 11-ci Syanşan forumu da qeyd etdiyim məqsədlərə xidmət edir. Artıq ənənəvi olaraq hər il keçirilən Syanşan forumu Asiya-Sakit Okean regionunda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün aparıcı beynəlxalq platformalardan biridir.
Syanşan forumunun məqsədi təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı əlaqələri genişləndirməklə regional sülh və sabitliyi təşviq etməkdir. 100-dən çox ölkənin və beynəlxalq təşkilatın rəsmi və rəhbər şəxslərinin, analitik mərkəzlərin nümayəndələrinin, yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin qatıldığı bu tədbirdə iştirak ölkəmizə olan etimadın göstəricisidir”, - deyə o bildirib.
Çinin paytaxtı Pekində “Ortaq gələcək üçün sülhün təşviqi” devizi ilə keçirilən 11-ci Syanşan forumunun iştirakçıların sayının çoxluğu və müzakirə edilən məsələlər baxımından seçildiyini deyən İ.İsmayılov “Təhlükəsizlik əməkdaşlığı və Asiya-Sakit okean regionunda tərəqqi və sabitlik”, “Çoxqütblülük və dəyişən beynəlxalq düzən”, “Şimal-şərqi Asiya təhlükəsizliyinin qorunması” və müzakirəyə çıxarılan digər mövzuların bu forumu fərqləndirən və əhəmiyyətini yüksəldən faktorlar olduğunu bildirib: “Terrora, soyqırımına, həmçinin vaxtilə əraziləri işğala məruz qalmış, regionda dayanıqlı sülhə nail olmaq istiqamətində təklif və səylərini, real addımlarını əsirgəməyən ölkə olaraq, sülhün, sabitliyin bərqərar olmasına, silahlı münaqişələrin sülh yolu ilə ədalətli həllinə, eləcə də hər ölkənin maraqlarına və mənafeyinə hörmətlə yanaşmanı təşviq edən tədbirlərdə Azərbaycanın fəal iştirakı təqdirəlayiqdir və mütərəqqi ölkələr tərəfindən hörmətlə qarşılanır.
Süni intellekt, davam edən münaqişələr, kosmos və dəniz təhlükəsizliyi, Avropada təhlükəsizliyin təkamülü, Yaxın Şərqdə sülhə baxış, beynəlxalq silah nəzarətinin gələcəyi, terrorla mübarizə, hər dövlətin öz təhlükəsizliyini qorumaq hüququnun olması, təhlükəsiz dünya üçün bütün ölkələrin bu istiqamətdə əməkdaşlığının vacibliyi mövzularında keçirilən görüş və müzakirələr forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandığına inanıram.
Forumda müzakirə olunan mövzular çox maraqlı və əhatəlidir. Müasir dövrün təhdid və çağırışlarına hazırlıq, kiçik və inkişaf etməkdə olan bütün ölkələr üçün eyni imkanların yaradılması, ultimatum dilində danışmağın, dominant mövqenin diktə edilməsinin qəbuledilməzliyi və təhlükəsizliklə bağlı bir çox məsələlərin müzakirəsi müasir zamanın çağırış və təhdidlərinə cavab baxımından əhəmiyyətlidir. Bu forumda dövlətimizin yüksək səviyyədə təmsil edilməsi qürur verir.
Əminəm ki, ölkəmizi forumda uğurla təmsil etməklə nümayəndə heyətimiz xalqımızın mənafeyinə və dövlətimizin maraqlarına xidmət edən görüşlər keçirib, səmərəli müzakirələr aparıb, həmçinin hərbi-texniki sahədə faydalı əməkdaşlıqla bağlı razılıq əldə olunub”.

Ordu 2024-09-16 15:53:00