İranın Zəngəzur dəhlizi ilə bağlı iddiaları siyasi-iqtisadi xarakter daşıyır - ŞƏRH
Bakı, 16 sentyabr, N.Məmmədova, AZƏRTAC
İranın Zəngəzur dəhlizi ilə bağlı iddiaları siyasi-iqtisadi xarakter daşıyır.
Bu fikri AZƏRTAC-a müsahibəsində hərbi-siyasi analitik, sosioloji elmlər namizədi, Belarus Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun baş elmi işçisi Aleksandr Tixanski ifadə edib.
Belaruslu analitik qeyd edib: “İran BRICS və ŞƏT-in üzvüdür və bu, Zəngəzur dəhlizi ətrafında yaranmış vəziyyətin fonunda heç də az əhəmiyyət kəsb edən amil deyil. Nəzərə almaq lazımdır ki, məhz Ermənistanla Azərbaycan arasındakı Zəngəzur dəhlizi - Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqəni təmin etmək üçün nəzərdə tutulmuş nəqliyyat marşrutu ilə bağlı mübahisələrdə İran faktoru ortaya çıxıb. Bundan başqa, Tehran layihədən qəti şəkildə imtina etdiyini bu dəhlizi Bakı ilə birlikdə fəal şəkildə dəstəkləyən Moskvaya çatdırmaq üçün diplomatik addımlar atıb. Hesab olunur ki, Tehran müttəfiqi Ermənistanla əlaqəni itirməkdən qorxur, çünki onun ərazisindən salınmalı olan dəhliz daha çox əraziyə nəzarəti nəzərdə tutur. Amma başqa fikirlər də var: İranın iddiaları sırf iqtisadi xarakter daşıyır, əlbəttə, deyirlər ki, guya Tehran dəhlizin Araz çayının sahilindən, öz ərazisindən keçməsini istəyir”.
Azərbaycanın Zəngəzur dəhlizinin çəkilməsi məsələsindən imtina etdiyini deyən, bunu İrəvanla sülhün bağlanması üzrə danışıqlarda sıçrayış əldə etmək istəyi ilə əsaslandıran A.Tixanski bildirib ki, hazırda ABŞ-ın arzuladığı Çin-Qazaxıstan-Azərbaycan-Ermənistan-Türkiyə “dəhlizi” sual altındadır.
O, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Tehranla analoji layihə üzərində işləyəcəyini bildirən sözlərini xatırladıb. Analitikin fikrincə, Azərbaycan regional tərəfdaşlara arxalanıb, ilk növbədə, ABŞ-ı Ermənistanla danışıqlar prosesinə təsir imkanından məhrum edib. İkincisi, İrəvanın hələ mövcud olmayan “dəhlizə” çıxışını əngəlləyib.
Analitik diqqətə çatdırıb: “Gəlin, İranın ehtimal edilən diplomatik demarşına daha yaxından nəzər salaq. Məsələ ondadır ki, sentyabrın 2-də İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Rusiya səfiri Aleksey Dedovu görüşə çağırıb. İran XİN-dən sonra bildirilib: “Görüş zamanı İran rəsmisi (İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri şöbəsinin müdiri Müctəba Dəmirçilu) Qafqazdakı cari hadisələrlə bağlı fikirlərini bölüşüb. O, həmçinin İranın regionda sülh və sabitliyin bərpası və region ölkələri arasında əməkdaşlığın təşviqi istiqamətindəki mövqeyini vurğulayaraq əlavə edib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərdə hər hansı dəyişikliyə və regionda geosiyasi dəyişikliklərə qarşıdır”. Bəs bu bəyanatda Moskvanın mövqeyindən narazılıq əlamətləri haradadır? Ancaq Qərb və İran mediası, o cümlədən Britaniyanın “The Guardian” və İranın “Tasnim” agentliyi İran Xarici İşlər Nazirliyində keçirilən bu görüşü Moskva ilə Tehran arasında Zəngəzur dəhlizi ilə bağlı münasibətlərin soyumasının birmənalı təsdiqi kimi təqdim edib”.
Onun sözlərinə görə, 2020-ci il üçtərəfli Bəyanatının imzalanmasından demək olar ki, dərhal sonra Ermənistan tərəfi bu sənəddə “Zəngəzur dəhlizi” sözlərinin olmadığını vurğulamağa başlayıb: “İrəvanda bu amili “Rusiya FTX Sərhəd Xidməti orqanlarının nəzarəti altında Sünik vasitəsilə Azərbaycanın əsas hissəsi arasında nəqliyyat marşrutunun çəkilməsi” (bəyanatda belə deyilir) üzrə razılaşmadan çıxmaq üçün əsas hesab edirlər. Xaricdən nəzarətlə bağlı bu bənd İranın bəzi siyasi və iqtisadi elitalarının da narazılığına səbəb olur. Bu arada, İran rəsmi səviyyədə Zəngəzur dəhlizi layihəsindən narazılığını yalnız bir dəfə bildirib; iyul ayında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə İranın dinin lideri Əli Xamneyi bildirib ki, bu dəhliz “Ermənistanın maraqlarına cavab vermir”. Qalan bəyanatlar isə kütləvi informasiya vasitələri tərəfindən iddia edilənlərdən daha rasional və təmkinlidir. Belə ki, sentyabrın 9-da İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nəsir Kənani məsələyə aydınlıq gətirib: “Tehran Cənubi Qafqazın bütün ölkələrinin ərazi bütövlüyünə hörmət şərti ilə regionda nəqliyyat marşrutlarının bərpasını dəstəkləyir”. Diplomat vurğulayıb: “İran tərəfi özünün mehriban qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazda davamlı sülhün qorunmasına çalışır, region ölkələri və onların qonşuları arasında regional qarşılıqlı fəaliyyət üçün vahid mexanizm olan “3+3” formatından (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) istifadə olunmasının tərəfdarıdır”.
A.Tixanski İranın xarici işlər naziri Abbas Araqçinin bu mövzu ilə bağlı şərhini də xatırladıb və vurğulayıb: “Qonşularımızın ərazi bütövlüyünə şimaldan, cənubdan, şərqdən və ya qərbdən hər hansı təhdid və ya sərhədlərə yenidən baxılması qətiyyən qəbuledilməzdir. Bu, İran üçün qırmızı xətdir”. Analitik qeyd edib ki, nə nazir, nə də onun müavinləri tərəfindən Rusiya Federasiyasına qarşı sərt bəyanatlar səsləndirilməyib.
Ekspert daha sonra qeyd edib: “Bu gün hələ də tam əminliklə deyə bilərik ki, İranın dəhlizlə bağlı iddiaları siyasi və iqtisadi xarakter daşıyır. Tehran öz dəhlizini yaratmaq istəyir və Türkiyənin regionda güclənməsindən qorxur. Bundan başqa, biz İranla Rusiya Federasiyası arasında çoxlu ziddiyyətləri, o cümlədən Cənubi Qafqazda baş verənlərlə bağlı fikir ayrılığını da yaddan çıxarmamalıyıq. İran bu bölgədə xarici aktorların mövcudluğunun artmasına həmişə çox həssas yanaşıb. Zəngəzur dəhlizinin açılması Türkiyənin Azərbaycan və Mərkəzi Asiyaya birbaşa çıxışı deməkdir ki, bu da Ankaranın regionda iştirakını artırır. Rusiyanın buna şərait yaratması Tehranda anlaşılmazlığa səbəb olur. İran rəsmiləri öz şərhlərində bunu açıq şəkildə ifadə etmirlər və tez-tez sərt ifadələrlə çıxış etmək üçün dövlətə bağlı xəbər agentliklərindən istifadə praktikasına əl atırlar, çünki konkret olaraq heç kim onlara görə məsuliyyət daşımır. Agentlik nə istəsə yaza bilər, o, formal olaraq, rəsmi şəxs deyil”.
A.Tixanskinin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Türkiyə-Azərbaycan müttəfiqliyi kontekstində Zəngəzur dəhlizini israrla və davamlı tələb edəcək, Tehran isə bu layihəyə qarşı çıxacaq. “Beləliklə, müxtəlif geosiyasi aktorlar arasında manevrlər edən, hətta Rusiya Federasiyasının Zəngəzur dəhlizinə təkbaşına nəzarətini əngəlləməyə çalışan Qərbin qaydaları ilə oynayan İran öz təsirini gücləndirməyə çalışır. Düşünürəm ki, İran prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda Rusiya rəhbərliyinin mövqeyinə şəxsən aydınlıq gətirə bilər. Onun Kazanda keçiriləcək BRICS-in oktyabr sammitində iştirak edəcəyi artıq təsdiqlənib. İranın Rusiyadakı səfiri Kazem Cəlili bildirib ki, bu tədbir çərçivəsində Pezeşkian ilə Putin arasında danışıqlar planlaşdırılır. Oktyabr ayını gözləyirik”, - deyə analitik sözlərini yekunlaşdırıb.
XIN: Niderland Parlamentinin Nümayəndələr Palatasının iki qətnaməsini qətiyyətlə rədd edirik
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb
Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail mətbuatı Niderland parlamentini Azərbaycana qarşı qərəzli mövqeyinə görə qınayıb