×
A
A
A
Sazlamalar

“Sabah”ın basketbolçusu: Azərbaycanı Çempionlar Liqasında ən yaxşı şəkildə təmsil edəcəyik

Bakı, 16 sentyabr, AZƏRTAC
“Sabah mövsümə uğurlu başlamaq üçün ilk oyunumuzu keçirəcəyik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah”ın ABŞ-dan olan basketbolçusu Mayk Holton Çempionlar Liqasının 1/4 final mərhələsində İsveçin "Norçeppinq" komandası ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, komandasına inandığını bildirib: “Çox yaxşı və güclü kollektivik. Oyunçular bir-birini başa düşməkdə problem yaşamırlar. Rəqib ölkəsinin son çempionudur, biz də öz liqamızın qalibiyik. Onlara hörmətlə yanaşırıq. "Norçeppinq" ötənilki heyətini qorumağı bacarıb və yeni mövsümə uğurlu keçid ediblər. İsveç təmsilçisinin basketbolçularının parketdə anlaşma cəhətdən sıxıntısı yoxdur. Biz də matça ciddi hazırlaşmışıq”.
34 yaşlı basketbolçu sabahkı görüşdə yaxşı şanslarının olacağını söyləyib: “Topa daha çox sahib olmalı, sürətli hücumlar və keçidlər etməliyik. Onların güclü oyunçularına qarşı diqqətli mübarizə aparmalıyıq. Ən vacibi isə dərindən oynamaqdır. Ötən il avrokuboklarda müntəzəm mövsümə vəsiqə qazanmaqla tarixi nəticəyə imza atdıq. Bunu yenidən təkrarlamaq üçün yaxşı şansımız var. Komandada özünəinam yüksəkdir. “Sabah” beynəlxalq səviyyəyə çatmaq gücündədir. Təcrübə klubun inkişafına böyük fayda verəcək. Azərbaycan basketbolunu ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, sentyabrın 17-də Türkiyənin Antalya şəhərində keçiriləcək "Sabah" - "Norçeppinq" matçı Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

İdman 2024-09-16 12:32:00