×
A
A
A
Sazlamalar

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən 3-cü ənənəvi minifutbol turnirinin açılış mərasimi keçirilib VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC
18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə ölkəmizin şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş 3-cü ənənəvi minifutbol turnirinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin təşkilatçısı Əsgər İbrahimov bildirib ki, Ardanış Futbol Akademiyasının və “Rakus.az” saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaqdır. O qeyd edib ki, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olmuş media nümayəndələrimiz – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın qəhrəmanlıqları yeni nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə töhfə verir. O, turnirdə Azərbaycan mediasını 4 komandanın təmsil etdiyini vurğulayıb.
Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov şəhidlərə rəhmət diləyərək, qaydalar haqqında ümumi məlumat verib.
Çıxış edənlər turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyədə keçməsi üçün fikir və təkliflərini bildirib, iştirakçılara uğurlar arzulayıblar.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.
Qeyd edək ki, oktyabrın 18-dək davam edəcək turnirdə 12 komanda mübarizə aparacaq. A qrupunda “Turan”, “Report”, “Veteranlar”, B qrupunda “Gənclər” (Baku TV), “Qoşabulaq”, “Baku.WS”, C qrupunda AZƏRTAC, “Ardanış”, “Zəfər 44”, D qrupunda isə “Göyçə”, “Nərimanlı” və AzTV kollektivləri qüvvəsini sınayacaq. İldə bir dəfə təşkil olunan turnirin iştirakçıları arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalist komandalar da var. Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına görə 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcək. Hər qrupda 2-ci yeri tutan komandalar 3-cü yer uğrunda yarışacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penaltilər seriyası olacaq.
Bakı Tennis Akademiyasının stadionunda keçiriləcək oyunları AFFA-nın hakimləri idarə edəcək.
Xatirə turnirində qalib komandalara, eləcə də “Ən yaxşı oyunçu”, “Ən çox qol vuran”, “Nümunəvi komanda” və başqa nominasiyalar üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. Komandaların heyətində yarış başa çatanadək heç bir dəyişiklik edilməyəcək. Oyunçuların yaş hədləri sərbəstdir. Lakin peşəkar futbolçuların iştirakı qadağandır.
Ənənəvi futbol turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTV, “Report” İnformasiya Agentliyi, “Baku TV”, “Rakus.az” və “Manşet.az” saytları verəcək.

İdman 2024-09-14 19:28:00

Video