×
A
A
A
Sazlamalar

Hərbi ekspert: Azərbaycan ordusunun antiterror əməliyyatları dünya hərb tarixində bir ilk oldu – AÇIQLAMA

Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri istər müddəti, istərsə də dəqiqliyi baxımından dünya hərb tarixində bir ilk idi.
Bu fikri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsinin və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov səsləndirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ordumuzu müasir silahlarla təchiz edərək yüksək səviyyəyə çatdırıb. Bu istiqamətdə davamlı və səmərəli fəaliyyətin nəticəsi 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı özünü aydın şəkildə göstərdi.
Dövlət başçısının və Azərbaycan xalqının torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı inamının heç vaxt azalmadığına diqqət çəkən hərbi ekspert qeyd edib ki, Vətən müharibəsi zamanı Ordumuzu Qələbəyə aparan amillərdən biri də məhz bu inam oldu: “Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində nəhayət 2020-ci il sentyabrın 27-də Ordumuz Vətən müharibəsinə başladı. Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun şücaəti sayəsində 44 gün ərzində torpaqlarımız otuz illik işğaldan azad olundu, düşmən qüvvələri darmadağın edildi. Silahlı Qüvvələrimiz Azərbaycan tarixinə öz şanlı Qələbəsini qızıl hərflərlə yazdı”.

Hərbi ekspert İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən Ermənistanın acınacaqlı sonunu bir daha xatırladaraq deyib: “Ermənistan Bəyanatın dördüncü bəndində qeyd edilən qanunsuz silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılmasına dair şərti icra etmək istəmədi. Əksinə, Azərbaycan ərazisindəki separatçı rejimə və qanunsuz silahlı birləşmələrə dəstəyi davam etdirdi. Həmin dövrlərdə atəşkəs intensiv şəkildə pozulur, yaxındakı yaşayış məntəqələri və dinc əhali üçün təhlükə artır, terror aktları törədilirdi. Bu, belə davam edə bilməzdi və Ordumuz öz gücünü yenidən göstərməli oldu”.
Qarabağ müharibəsi veteranı bildirib ki, bölgədəki vəziyyətin gərginləşməsi səbəbindən Ali Baş Komandan İlham Əliyev antiterror tədbirləri keçirməklə bağlı qərar qəbul etdi. Azərbaycan Ordusu 24 saatdan da az bir müddətdə ərzində lokal xarakterli antiterror əməliyyatları apararaq separatçıların yuvasını darmadağın etdi, qanunsuz erməni silahlı dəstələri tərksilah olundu”.
“Bu unikal antiterror tədbirləri ilə Azərbaycan Ordusu bütün dünyaya öz gücünü və yüksək peşəkarlığını bir daha nümayiş etdirdi. Kifayət qədər geniş ərazidə keçirilən antiterror əməliyyatlarının gedişində heç bir mülki şəxs xəsarət almadı, bölgədəki mülki infrastruktura heç bir ziyan dəymədi. Bütün bunlar dünya hərb tarixində bir ilkdir. Humanist dəyərlərə, beynəlxalq hüquq normalarına tam riayət edən Ordumuz zərgər dəqiqliyi ilə hərbi hədəfləri məhv edərək qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdi. Nəticədə, Xankəndidə və digər yerlərdə Azərbaycan Bayrağı ucaldıldı”, - deyə hərbi ekspert vurğulayıb.

Ş.Ramaldanov qeyd edib ki, şanlı Vətən müharibəsi və uğurlu antiterror əməliyyatları hərb tariximizə əbədi yazıldı və hər zaman qürurla xatırlanacaq. Azərbaycanın həm Vətən müharibəsində, həm də antiterror tədbirləri zamanı tətbiq etdiyi döyüş taktikasının inkişaf etmiş ölkələrin hərbi akademiyalarında öyrənilməsı hər birimiz üçün qürur mənbəyidir. 

Ordu 2024-09-14 12:12:00