Azərbaycanda tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
Bakı, 13 sentyabr, AZƏRTAC
İcbari tibbi sığortanın tətbiq edildiyi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin baş tibb bacıları üçün Ankara Universitetində “Tibb bacısı xidmətinin inkişafı” mövzusunda keçirilən təlim proqramı başa çatıb.
İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim proqramının bağlanış mərasimində Türkiyə tərəfindən Ankara Universitetinin rektoru Necdet Ünüvar, Tibb bacıları fakültəsinin dekanı Ayfer Tezel, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Təhsil proyektləri üzrə koordinatoru Mustafa Haşim Polat, Azərbaycan tərəfindən isə onlayn şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.
Ankara Universitetinin rektoru tibb bacıları üçün hazırlanmış 80 saatlıq təlim proqramı vasitəsilə Azərbaycanın səhiyyə mütəxəssislərinə Türkiyə təcrübəsini təqdim etməyə çalışdıqlarını qeyd edib. O, iştirakçıların əldə etdikləri bilikləri və bacarıqları öz ölkələrindəki həmkarlarına ötürəcəyinə və bu istiqamətdə əməkdaşlığın davamlı olacağına əminliyini vurğulayıb.
Zaur Əliyev çıxışında bildirib ki, Agentlik tərəfindən tibbi xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədilə xidmətin keyfiyyətini və səmərəliliyini artırmaq istiqamətində mütəmadi tədbirlər görülür: “Tədbirlər əhalinin sağlamlığını qorumaq, sığorta hesabına tibbi xidmətlərin daha geniş əhali kütləsi tərəfindən istifadəsini təmin etmək və vətəndaş məmnunluğuna nail olmaq üçün həyata keçirilir. Ankara Universiteti ilə həyata keçirdiyimiz təlim proqramları da bu məqsədləri dəstəkləyərək icbari tibbi sığortanın effektiv tətbiqi və inkişafına yönəlib”.
Vüqar Qurbanov tibb sahəsində peşəkar kadrların yetişdirilməsi, onların bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərə yiyələnməsinin önəmini vurğulayıb: “Sözügedən təlim proqramı çərçivəsində 15 nəfər əməkdaşımız Ankara Universitetinin Tibb bacıları fakültəsinin professorları və təcrübəli mütəxəssisləri tərəfindən teoritik dərslərə cəlb edilib və müvafiq xəstəxanalarda praktiki təlimlərdə iştirak edib. 12 günlük təlim müddətində tibb bacılarına Ankara Universitetinin peşəkar heyəti tərəfindən xəstələrlə ünsiyyət bacarıqları, ilkin tibbi yardım, terapevtik, reanimasion, pediatrik, cərrahiyyə hematoloji, onkoloji bölmələrdə tibb bacısı işinin təşkili qaydaları, tibbi sənədlərin doldurulması, infeksion nəzarət kontrolu mexanizmləri və digər mövzular ətrafında zəruri qaydalar öyrədilib”.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, 2022-ci ildən etibarən Ankara Universitetində keçirilən təlimlərdə Agentlik və TƏBİB-in səlahiyyətli şəxsləri, dövlət tibb müəssisələrinin rəhbər heyəti və baş tibb bacıları olmaqla ümumilikdə 125 nəfər iştirak edib.
Təlim iştirakçılarının Ankaradakı Cebeci və İbn Sina Araşdırma Xəstəxanalarına tanışlıq səfəri təşkil olunub. Səfər müddətində onlar tibb müəssisələrinin təcili yardım, reanimasiya, sterilizasiya, ginekologiya, kardiologiya, inzibati idarəetmə və digər bölmələrin fəaliyyəti ilə əyani tanış olublar.
Qeyd edək ki, təlim Agentlik ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universiteti və TİKA-nın dəstəyi ilə təşkil olunub. Təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib.
Bakıda 22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
Azərbaycan Milli QHT Forumu sağlam həyat tərzinin təbliğinə dair silsilə tədbirlərə başlayıb
Professor Sabir Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb VİDEO
Beynəlxalq tədbirin iştirakçısı olan 100-ə yaxın prokuror Qəbələyə səfər edib