×
A
A
A
Sazlamalar

Mərkəz direktoru: Ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli Azərbaycan üçün prioritetdir – MÜSAHİBƏ

Şəki, 13 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun bariz nümunəsidir. COP29 konfransına ev sahibliyi Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Bu məqsədlə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həqiqətən də qlobal ekoloji böhran şəraiti və onun cəmiyyət üçün yaratdığı problemlər, bu problemlərin həlli yolları günümüzün ən aktual məsələlərindən biridir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü söyləyib.
Elmi Mərkəzin direktoru əməkdaşımızın hazırda bəşəriyyəti düşündürən ekoloji problemlərlə bağlı suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi bəşəriyyəti qlobal ekoloji problemlərlə üz-üzə qoyub. Gələcəkdə bunun mənfi təsirlərinin qarşısını almaq üçün hansı işlərin görülməsi vacibdir?
- Düz deyirsiniz, bəşəriyyət qlobal ekoloji problemlərlə üz-üzədir. Ona görə qlobal ekoloji böhran şəraitində üç tərəf - iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanılması önəmlidir. Bu balans inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modeli - dayanıqlı inkişafın formalaşdırılması (DİF) üsulu ilə saxlanıla bilər. Hazırda DİF-in əsas prioriteti Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması üzrə qlobal, regional və milli resursların əlaqələndirilməsidir.
- Bəs necə etmək olar ki, iqtisadi artım zəifləmədən, əksinə, artımı stimullaşdıraraq, başlanğıcda sadaladığınız ekoloji problemlərin və ətraf mühitə təsirin azaldılmasına nail olaq?
- Bu sualı belə ifadə edək, Resurs Səmərəli və Daha Təmiz İstehsala (RSTİ) nail olmaq mümkün olacaqmı. Burada həyata keçiriləcək kompleks tədbirlər istehsal fəaliyyətinin artırılmasına yönəldilməlidir ki, bu da, öz növbəsində, iqtisadi, ekoloji və sosial faydalar əldə etməyə imkan versin. Başqa sözlə desək, həyata keçirilən tədbirlər iqtisadi cəhətdən rasional olması və məhsulların keyfiyyətinin aşağı salınmasının qarşısının alınmasından ibarətdir.
- Buna necə nail olmaq olar?
- RSTİ bizlərin fəaliyyətimizin gedişində üç əsas məqsədə nail olunmasını prioritet məsələ kimi qarşıya qoyur. Həmin məqsədlər bunlardır:
1. Resurs səmərəliliyi. Yəni istehsalın bütün mərhələlərində resurslardan (xammal, enerji və su) istifadənin optimallaşdırılması;
2. Tullantıların əmələ gəlməsinin minimuma endirilməsi. Tullantı və emissiyaların yaranmasının azaldılması vasitəsilə istehsalın ətraf mühitə və təbiətə zərərli təsirinin minimumlaşdırılması;
3. İnsanların rifahının yaxşılaşdırılması. İnsanlar və ümumiyyətlə cəmiyyət üçün risklərin minimuma endirilməsi, həmçinin insanların və cəmiyyətin inkişafına kömək göstərilməsi.
Qeyd edim ki, RSTİ-nin həyata keçirilməsi bir çox faydaların əldə olunmasına imkan yaradacaq. Bu faydalar əsasən üç sahəni əhatə edir. Birincisi iqtisadi faydalardır. Buraya istehsal xərclərinin azaldılması, yeni bazarlara çıxış, bazarda rəqabət fəaliyyətinin yüksəlməsi, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə əməl edilməsi, tərəfdaşlarla münasibətlərin yaxşılaşdırılması aiddir. İkincisi ekoloji faydalardır. Resursların sərfiyyatının və bununla əlaqədar xərclərin, təhlükəli maddələrin istehlakının, tullantıların utilizasiya həcminin azaldılması, istehsalat tullantılarından istifadə və təkrar emal səviyyəsinin artırılması, enerji istehlakının və istixana qazlarının əmələ gəlməsinin azaldılması ekoloji faydalara daxildir. Üçüncüsü isə sosial faydalara aiddir. Yəni, müəssisələrin imicinin yaxşılaşdırılması, regionda yeni iş yerlərinin yaradılması, həyat standartlarının yaxşılaşdırılması və sair.

Müsahibənizin əvvəlində qlobal ekoloji böhran şəraitində üç tərəf - iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanmasında dayanıqlı inkişafın formalaşdırılmasının (DİF) əsas prioritet olmasını vurğuladınız. Bəs, Azərbaycanda belə əsas prioritetlər hansılardır?
- Azərbaycanda iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi əsas prioritetlərdəndir. Bu sahənin inkişafı ilə əlaqədar bir çox strateji sənədlər qəbul edilərək həyata keçirilməkdədir. Sahə üzrə əsas strateji sənədlərdən biri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiqlənmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”dir. Bu strateji sənəd kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, ağır sənaye və maşınqayırmanın inkişafı və digər bir sıra sahələri əhatə edir.
Digər tərəfdən, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli Azərbaycan üçün də prioritetdir. Müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan Respublikası 20-dək çoxtərəfli ekoloji razılaşmalara qoşulub, ətraf mühitin mühafizəsi, qorunması və bərpası üzrə müxtəlif qanunlar, bu qanunların həyata keçirilmə mexanizmləri - aktlar, texniki innovativ sənədlər və digər normativ hüquqi aktlar qəbul edilib.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən söz düşmüşkən, Prezidentin Sərəncamı ilə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritet müəyyən olunub. Bunlar “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat”, “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”, “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”, “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” və “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”dir.
Biz alimlər də Milli Prioritetlərə uyğun olaraq, iqtisadi artımı zəiflətmədən, ekoloji problemlər yaradılmasının qarşısını almağa çalışmaqla ətraf mühitə təsirlərin azaldılması istiqamətində tədqiqat işlərimizi yerinə yetirməli, ölkəmiz üçün olduqca aktual olan Resurs Səmərəli və Daha Təmiz İstehsalata keçidin təmin olunması prinsipini rəhbər tutaraq, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində fəaliyyətimizi davam etdirməliyik.
- Ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin növbəti Konfransına – COP29-a ciddi hazırlıq görülür. Bu beynəlxalq iqlim tədbirindən hansı nəticələri gözləmək olar?
- COP29-un qarşıya qoyduğu məqsəd iqlim fəaliyyətini sürətləndirmək və 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul edilən Paris Sazişinin məqsədlərinə nail olmaqdır. Bu tədbirin ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün dövlətlərin nümayəndə heyətləri iştirak edəcək. Bir sözlə, Bakı beynəlxalq səviyyədə iqlim dəyişmələrinin müzakirə olunacağı, dünyanın gələcəyinə dair qərarların veriləcəyi məkan olacaq.


Regionlar 2024-09-13 17:03:00