×
A
A
A
Sazlamalar

Azərbaycan enerji keçidini prioritet hesab etməklə yanaşı, digər dövlətlərin də bu təşəbbüslərinə töhfə verəcək - MÜSAHİBƏ

Bakı, 11 sentyabr, Rabil Kətanov, AZƏRTAC

Müasir dünyada sənayenin və yeni texnologiyaların inkişafı ilə əlaqədar olaraq yaranan ekoloji problemlərin həlli dövlətləri düşündürməyə bilməz. Su qıtlığı, atmosferin çirklənməsi, münbit torpaqların səhralaşması, qlobal isinmə kimi problemlərin qarşısı alınmasa gələcəkdə bütün planetimiz fəlakət qarşısında qala bilər.
Azərbaycan həmişə qlobal xarakter daşıyan məsələlərə diqqətlə yanaşaraq, meydana çıxan problemlərin həllində iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan yaşıl enerjiyə keçid dövrünə qədəm qoyub. Ölkəmizdə külək, günəş və yeni su elektrik stansiyalarının tikintisi davam edir və istehsal olunacaq yaşıl enerjinin ixracı da nəzərdə tutulub. Bunun üçün Azərbaycanın böyük potensialı var və bu potensialdan səmərəli istifadə etmək dövlətimizin prioritet xəttidir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu toplantısının cari ilin noyabrında Bakıda keçirilməsi də təsadüfi xarakter daşımır.
Enerji keçidi, bunun səmərəsi və perspektivləri haqqında AZƏRTAC-ın suallarını “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyin sədri, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli cavablandırıb.
- Enerji keçidi nədir və vətəndaş cəmiyyəti uğurlu enerji keçidinin təmin edilməsinə necə töhfə verə bilər?
- Ənənəvi tükənən yanacaqdan bərpaolunan enerjiyə keçid artıq real zərurətdir. Bir tərəfdən ətraf mühiti qorumaq daha təmiz enerji mənbələrindən istifadəni zəruri edir. Digər tərəfdən mədən yanacaqlarının (kömür, neft və qaz) yandırılması istixana qazlarının atmosferə buraxılmasına ən böyük töhfədir. Bu, qlobal istiləşməyə və ekstremal hava hadisələrinə səbəb olur. Külək, günəş və su enerjisi kimi bərpaolunan enerji mənbələrinə keçid Paris Sazişinə uyğun olaraq bu təsirləri yumşaltmaq və qlobal temperatur artımını məhdudlaşdırmaq üçün vacibdir. Enerji keçidi karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün mədən əsaslı sistemlərdən (neft, kömür və qaz) bərpaolunan enerji mənbələrinə (günəş, külək və hidroenergetika kimi) qlobal keçidi nəzərdə tutur. Bu dəyişiklik iqtisadiyyatları karbonsuzlaşdırmaq, enerji təhlükəsizliyini artırmaq və davamlılığı təşviq etmək üçün vacibdir. Paris Sazişinin şərtlərinə görə, Avropa İttifaqı 2030-cu ilə qədər istixana qaz tullantılarının (“Greenhouse gas emissions”) 1990-cı illə müqayisədə ən azı 40 faiz azaldılmasını öhdəlik kimi götürüb. 2050-ci ildə isə sıfır tullantıya (“Net-zero greenhouse gas emissions”) nail olunmalıdır. BMT-nin Davamlı İnkişaf Məqsədlərinin də əsas hədəfi məhz iqlim dəyişikliyi və təmiz enerjiyə nail olmaqdır. İqlim dəyişikliklərinin sürətlənməsi və ardıcıl, davamlı xarakter alması, onun neqativ nəticələrinin həyatın bütün sahələrində hiss olunması enerji keçidini əsas qlobal çağırışa çevirib. Azərbaycan da bu proseslərin tərkib hissəsidir. 2016-cı ilin oktyabrında Milli Məclis Paris Sazişini ratifikasiya edərək 2030-cu ilə 1990-cı illə müqayisədə istixana qaz tullantılarını 35 faiz azaltmağa dair öhdəlik götürüb. Azərbaycanın quruda və dənizdə mövcud olan zəngin külək enerjisi resursları dayanıqlı enerji istehsalı üçün mühüm imkanlar yaradır. Ölkə külək enerjisi üzrə quruda 3 QVt həcmində qiymətləndirilən iqtisadi potensiala, həmçinin dənizdə 157 QVt təşkil edən texniki potensiala malikdir.
Ölkəmizdə enerji keçidi enerji təhlükəsizliyi, enerji müstəqilliyi, enerji təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsi, həmçinin ekoloji təhlükəsizliyin təmini kimi faktorların hər biri nəzərə alınmaqla mərhələli və təmkinlə həyata keçirilən prosesdir. 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin ölkəmizin ümumi qoyuluş gücündə payının ən az 30 faizə çatdırılması qarşıya hədəf kimi qoyulub. Yaşıl enerjidən istifadənin genişləndirilməsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində beş milli prioritet istiqamətdən biri kimi müəyyənləşdirilib. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bu istiqamətdə bir çox mühüm tədbir nəzərdə tutulub. Həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq edir.
Azərbaycan enerji keçidini prioritet hesab etməklə yanaşı, digər dövlətlərin də bu istiqamətdə təşəbbüslərinə töhfə verir. Belə ki, Azərbaycan “Xəzər-Qara dəniz-Avropa İttifaqı” Yaşıl Enerji Dəhlizi vasitəsilə Aİ üzvü ölkələrin enerji təchizatının yaşıl elektrik enerjisi, hidrogen ilə şaxələndirilməsinə kömək edəcək. Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu təbii qazla bərabər yaşıl enerjinin, xüsusilə Xəzər dənizinin külək enerjisi, yaşıl hidrogenin istehsalı və ixracı üzrə də əməkdaşlığı əhatə edir. “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan isə bu dəhlizin əsas resurs ölkəsi kimi çıxış edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, müasir çağırışları və riskləri nəzərə alan strateji baxışının nəticəsi olaraq ölkəmiz uğurlu enerji keçidi üçün yaxşı start imkanlarına malikdir və indi atılan addımlar gələcəkdə bu istiqamətdə liderliyi saxlamağa zəmanət verir. Vətəndaş cəmiyyəti enerji keçidi ilə əlaqədar təşəbbüslərin irəli sürülməsi və dəstəklənməsində fəal rola malikdir. Məhz ictimai maarifləndirmə və məlumatlandırma missiyası vətəndaş cəmiyyətinə məxsusdur. Yaşıl enerjiyə kütləvi tələbatın yaradılması üçün bərpaolunan enerji, enerji səmərəliliyi və davamlı istehlakın faydaları haqqında ictimaiyyətin maarifləndirilməsi əsas fəaliyyət istiqaməti kimi nəzərdən keçirilə bilər. Vətəndaş cəmiyyətinin əsas vəzifələrindən biri də hökumətləri və şirkətləri hesabatlı saxlamaqdır. Monitorinqlər, araşdırmalarla vətəndaş cəmiyyəti hökumətləri və korporasiyaları yaşıl keçidlə bağlı öhdəliklərinə görə məsuliyyətli edir. Bu proses bütün maraqlı tərəfləri müstəqil dəyərləndirmə ilə təmin etməkdir.
- Sadə vətəndaşlar, cəmiyyət üçün enerji keçidinin əhəmiyyəti nədir və fərdlər bu prosesi necə dəstəkləyə bilərlər?
- Enerji keçidi sağlamlığın yaxşılaşdırılması, enerji təhlükəsizliyinin artırılması, iqlim dəyişikliyinin azaldılması və “yaşıl sənaye”lərdə iş yerlərinin yaradılması üçün çox vacibdir. Sadə insanlar üçün bu, daha təmiz hava, daha sabit enerji qiymətləri və daha sağlam ətraf mühit deməkdir. Keçid daha da bahalaşan və ekoloji cəhətdən zərərli olan, bərpaolunmayan mənbələrdən asılılığı azaldacaq. İnsanlar enerji keçidini öz fərdi təşəbbüsləri, enerji istehlakının azaldılması, enerjiyə qənaət, icmalar səviyyəsində alternativ enerjiyə keçidin dəstəklənməsi, günəş panellərindən, külək enerjisindən istifadə, ətraf mühit və yaşıl enerjinin inkişafına üstünlük verən şirkətlərin, qərarların dəstəklənməsi ilə töhfə verə bilərlər. Həmçinin ictimai nəqliyyat, velosiped və ya elektrik nəqliyyat vasitələrinə üstünlük vermək də yaxşı töhfə sayıla bilər. Hər birimiz ətraf mühitin qorunması, yaşıl enerjiyə keçid prosesində məsuliyyətimizi başa düşməliyik. Fərdlər səviyyəsində bu fəaliyyətləri dəstəkləməklə öz töhfəmizi verərək dünyamızı qoruyuruq, “yaşıl gələcəy”ə zəmanət vermiş oluruq. Vətəndaş cəmiyyətinin əsas fəaliyyətlərindən biri məhz fərdlər səviyyəsində “yaşıl məsuliyyəti” artırmaqdır.
- Ev sahibi ölkə kimi Azərbaycanın COP29 prioritetləri hansılardır?
- Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Azərbaycan ambisiyaların artırılması, eləcə də yaşıl təşəbbüslərin maliyyələşdirilməsini prioritet kimi görür. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi COP29 qarşıdurma arenası olmayacaq, Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycanın ev sahibi vəzifəsini layiqincə yerinə yetirəcəyi və COP29-u ən yüksək səviyyədə keçirəcəyi bütün maraqlı tərəflər bəyan edirlər. COP29 iqlim dəyişmələri ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa da imkan verəcək, iqlim dəyişmələri ilə mübarizədə yeni qlobal təşəbbüslərin əsasını qoyacaq.

İqtisadiyyat 2024-09-11 19:54:00