×
A
A
A
Sazlamalar

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Şəki, Bakı-Bərdə, Bakı-Kürdəmir, Bakı-Naftalan, Bakı-Beyləqan, Bakı-Ağdaş, Bakı-Siyəzən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Ağsu, Bakı-İmişli, Sumqayıt-Mingəçevir, Sumqayıt-Astara və Mingəçevir-Oğuz şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 10 oktyabr 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Şəki və Bakı-Bərdə istiqamətlərində 4 Lot üzrə oktyabrın 22-də;
Bakı-Kürdəmir, Bakı-Naftalan, Bakı-Beyləqan və Bakı-Ağdaş istiqamətlərində 5 Lot üzrə oktyabrın 25-də;
Bakı-Siyəzən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Ağsu və Bakı-İmişli istiqamətlərində 5 Lot üzrə oktyabrın 29-da;
Sumqayıt-Mingəçevir, Sumqayıt-Astara və Mingəçevir-Oğuz istiqamətlərində 3 Lot üzrə noyabrın 1-də baxılacaq.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

İqtisadiyyat 2024-09-11 17:57:00