×
A
A
A
Sazlamalar

Azərbaycanlı bloger: İnsanlara təbəssüm bəxş edəndə, özümü xoşbəxt hiss edirəm

Bakı, 7 avqust, Günel Alıyeva, AZƏRTAC
AZƏRTAC Azərbaycanın populyar blogerləri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz bloger, “paintossoreels” bloqunun müəllifi Emin Hüseynovdur.
Azərbaycanın uğurlu yumorist blogerlərindən biri olan Emin Hüseynov real hadisələri əks etdirən ana, nənə və müəllim obrazında videolar çəkir. O, müsahibə zamanı necə uğur qazanması barədə danışıb və blogerliyə yeni başlayanlara məsləhətlər verib.
-Emin, blogerliyə necə başladınız?
-Əvvəlcə rəsmlərimi paylamaq üçün səhifə açdım. Sonra “TikTok” və “Instagram” ilə tanış olmağa başladım və anladım ki, Azərbaycanda gülməli videolar, hər halda məni güldürəcək kontentlər yoxdur. Qərara gəldim ki, özüm bu tərzdə videolar çəkim. Aktyor sənəti ilə də məşğul olmağa başladım. 2021-ci ildə böyük marağa səbəb olan ilk videomu paylaşdım. O vaxtdan gülməli videolar çəkirəm.

-Üslubunuza təsir edəcək sevimli komikləriniz və ya yumoristləriniz varmı?
-Əsasən, türk blogerlərinə baxıram, amma çalışıram ki, videonu öz üslubumda çəkim. Daha çox Aykut Elmas və Berk Keklike tamaşa edirəm.
-Yumoristik kontentin yaradılması heç də asan iş deyil. Motivasiyanı necə saxlayırsınız və ideya mənbələriniz hansılardır?
-Həmişə, hətta video çəkməyə başlamazdan əvvəl ətrafımdakı insanları güldürməyi xoşlamışam. İnsanlara təbəssüm bəxş edəndə, özümü xoşbəxt hiss edirəm. Ona görə də bu məsələdə hələ uşaqlıqdan heç bir çətinliyim olmayıb. Öz həyatımdan gülməli hadisələri yenidən canlandırıram və ya onları komik şəkildə təqdim edirəm. Bu, bir qayda olaraq, yaddaşımda qalan real hadisələrdir.
-Kimlərdən ilham alırsınız?
-Abunəçilərim mənə ilham verirlər. Müsbət reaksiyalar və şərhlər məni motivə edir. Həmişə insanları güldürmək arzusunda olmuşam və görürəm ki, bu platformada bunu daha çox edə bilirəm.
-Videonun yaradılması prosesini necə planlayır və təşkil edirsiniz?
- İstehsal resurslarım çox deyil. Vaxtımın çoxunu video çəkməkdən çox düşünməklə keçirirəm. Bəzən fikirlər çəkilişdən beş dəqiqə əvvəl gəlir. Həyatımdakı hadisələri xatırlayıram və ya yaxınlarımdan oxşar hadisələr haqqında soruşuram, sonra onları birləşdirərək video yaradıram.
- Videoların bütün ssenariləri və ideyaları orijinaldır?
- Həm tamamilə orijinal ideyalarım var, həm də başqa videolardan ilhamlanan ideyalarım. Amma mən həmişə özümdən nəsə əlavə edib, mentalitetimizə uyğunlaşdırıb yeni video yaradıram.
- Bloqunuzun əsl fəaliyyət sahəsinə çevrildiyini nə vaxt anladınız?
- Bu, əvvəlcə bir hobbi idi, amma böyük brendlərlə əməkdaşlığın yaranması və abunəçilərin sayının 20-30 minə çatmasından sonra başa düşdüm ki, blogerlik mənim əsas fəaliyyət sahəmə çevrilib.
- Beş ildən sonra özünüzü harada görürsünüz?

- Mən dəyişməyə meyilli insanam, ona görə də dəqiq deyə bilmərəm. Ola bilsin ki, beş ildən sonra filmlərdə çəkilmək istədiyimə qərar verəcəyəm, yaxud on milyon abunəçi qazanacağam və ya aşpaz olmaq kimi tamamilə başqa bir peşə seçəcəyəm.
- Sizcə, 10-15 ildən sonra blogerlik necə olacaq?
- Bunu söyləmək çətindir, lakin “TikTok” göstərir ki, yeni platformalar tez bir zamanda populyarlıq qazana bilər. Yaradıcı olmaq və yeni şəraitə uyğunlaşmaq vacibdir.
- Yumoristik məzmunla məşğul olan yeni blogerlərə nələri məsləhət görürsünüz?
- Əsas odur ki, özün ol və öz ideyana inan. Mənfi şərhlərə məhəl qoymayın və irəliləməyə davam edin!

Mədəniyyət 2024-08-07 17:34:00