Tanınmış türkiyəli aktrisa Bakıda monotamaşa ilə çıxış edəcək
Bakı, 7 avqust, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi, “Caspian Media Group”un təşkilatçılığı ilə Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edəcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri oktyabrın 5-6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq.
İkipərdəli monotamaşada gündəlik həyatın cansıxıcılığında itib-batan Şerli Valentinin hekayəsi diqqət mərkəzinə çəkilir. O özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır.
Tamaşanın rejissoru teatr sahəsi üzrə bir sıra mükafatların laureatı olan Sumru Yavrucukun özüdür. O həm də tamaşadakı bütün obrazları canlandırır.
Qeyd edək ki, S.Yavrucuk “Yabancı damat” serialındakı obrazı ilə məşhurlaşıb. Daha sonra “Fatmagülün suçu nə?”, “Şahanə həyatım”, “Evlilik haqqında hər şey” kimi seriallarda da unudulmaz obrazlar canlandırıb.
İşığı ilə dünyamızı nurlandıran dahi Üzeyir Hacıbəyli
Dirijor Fuad İbrahimov: Üzeyir Hacıbəyli bizim üçün misilsiz miras qoyub
Gənclər Kitabxanasında akademik Nizami Cəfərova həsr edilmiş virtual kitab sərgisi hazırlanıb
Professor Zümrüd Dadaşzadə: Azərbaycan musiqisi bizim sərvətimizdir