Türkiyəli professor: Qərb Cənubi Qafqazda münasibətlərin normallaşdırılması prosesini ləngidir
Ankara, 5 avqust, AZƏRTAC
Bir sıra böyük Qərb dövlətlərinin siyasəti Cənubi Qafqazda münasibətlərin normallaşdırılması prosesini ləngidir. Türkiyə-Ermənistan sərhədinin hələ də bağlı olmasında məsuliyyətin də məhz regiondankənar aktorların üzərinə düşdüyünü iddia etmək yanlış olmazdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarını şərh edərkən bildirib.
Professorun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması nə dərəcədə yaxındırsa, yekun nəticələrin əldə olunması o qədər uzaqdadır. Ekspert əlavə edib: “Ona görə uzaqdadır ki, Qərb Cənubi Qafqazı yeni qarşıdurma zonasına çevirmək istəyir və bu məqsədlə Ermənistanı silahlandır, gərginliyi daha da artırır. Bu planın həyata keçirilməsində Avropa İttifaqı ölkələri, xüsusən Fransa fəal rol oynayır”.
Bozkuş qeyd edib ki, Qərbin ayrı-ayrı ölkələrinin Türkiyə və Azərbaycana qarşı qərəzli münasibəti o səviyyəyə çatıb ki, regionda vəziyyət cəmi bir sutka ərzində dəyişə bilər. O əlavə edib: “Ankara və İrəvanın xüsusi nümayəndələrinin hər bir yeni görüşü tərəfləri yaxınlaşdırır, eyni zamanda, proses daha kritik hal alır. Dialoqda hər hansı bir yanlış addım səyləri mütləq şəkildə arzuolunmaz məcraya yönəldə bilər”.
Ankara Universitetinin professorunun fikrincə, indiki mərhələdə Türkiyə-Ermənistan dialoqu İrəvanın ikitərəfli münasibətlərdəki problemlərin aradan qaldırılması üzrə, o cümlədən bu ölkənin Konstitusiyasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadlar məsələsi ilə bağlı (bəyannamədə qonşu ölkələrə qarşı ərazi iddiaları var - red.) fəal addımlarını sürətləndirə bilər. “İrəvan bu tarixi şansı əldən verməməlidir. Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri daha çox Ermənistanın özünün maraqlarına cavab verir”, -deyə ekspert vurğulayıb.
Daha sonra Bozkuş diqqəti İranın Cənubi Qafqaz siyasətinə çəkib. O deyib: “İran hakimiyyətinin son bəyanatları, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı fikirləri Tehranın ermənipərəst siyasətini dəyişmədiyini göstərir”.
O, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin Zəngəzur dəhlizini “Ermənistan üçün zərərli” adlandıran son bəyanatlarını xatırladıb. “Tehran 44 günlük Vətən müharibəsi zamanı ermənipərəst kursa sadiq qalıb. Eyni xətt bu gün də davam edir”, –deyə Bozkuş bildirib.
Ankara Universitetinin professoru hesab edir ki, İranın yeni Prezidenti Məsud Pezeşkianın dövründə də Tehranın Cənubi Qafqazla bağlı prioritetlərində dəyişiklik gözləməyə əsas yoxdur.
Eyni zamanda, onun sözlərinə görə, İran İrəvanın ABŞ və digər Qərb ölkələri ilə yaxınlaşmasından narazılığını gizlətmir. “Avropa İttifaqı və Vaşinqton son vaxtlar Ermənistandan Moskva və Tehrana ünvanlanan “mesaj platforması” kimi istifadə etmək cəhdlərindən əl çəkməyib. İran tərəfi Qərbin Ermənistanda “möhkəmlənmək” səylərini, o cümlədən birgə təlimlər və İrəvana “yardım” çatdırmaq cəhdlərini narahatlıqla izləyir”, - deyə ekspert vurğulayıb. O əlavə edib ki, Tehran “3+3” kimi regional qarşılıqlı fəaliyyət platformalarını buna qarşı qoyulacaq bir vasitə qismində görür.
Bozkuş onu da qeyd edib ki, Qərb də İrəvanla Tehran arasındakı əlaqələrin səviyyəsindən narahatlığını gizlətmir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
XİN: Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq
Azərbaycanla UN-Habitat arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB VİDEO