×
A
A
A
Sazlamalar

Uşaq ədəbiyyatının klassiki Anatoli Aleksinin anadan olmasının 100 ili tamam olur

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də nasir və dramaturq, uşaq və gənclər ədəbiyyatının klassiki, bir çox ədəbi mükafatlar laureatı Anatoli Georgiyeviç Aleksinin anadan olmasının 100 ili tamam olur.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, onun yaradıcılığı həm Rusiyada, həm də onun hüdudlarından kənarda geniş tanınır.
UNESCO-nun məlumatına görə, Anatoli Aleksin Mark Tven və Alan Miln ilə birlikdə ən yaxşı uşaq yazıçılarının ilk üçlüyünü təşkil edir.
Onun kitabları ilə bir çox sovet məktəbli nəsli böyüyüb. “Povest və hekayələrimin baş qəhrəmanı həmişə ailə olub, çünki bəşəriyyət ailələrdən ibarətdir. Bütün problemlər ailədən keçir - mənəvi, sosial, iqtisadi, siyasi”, - deyə Anatoli Aleksin qeyd edib.
Anatoli Aleksin (əsl adı Goberman) 1924-cü il avqustun 3-də Moskvada anadan olub.
Böyük Vətən Müharibəsi illərində Anatoli zavodda çap qəzetinə rəhbərlik edirdi, müharibə başa çatandan sonra ölkənin ən nüfuzlu institutlarından birinə - Moskva Şərqşünaslıq İnstitutuna qəbul olur. Onun ilk çap əsərləri də eyni dövrə təsadüf edir.
Tezliklə Anatoli Aleksin ölkədə ən çox tanınan müəlliflərdən birinə çevrilir, uşaqlar və böyüklərlə görüşdüyü oxucu konfranslarında iştirak edir.
Yazıçının bu gün də aktuallığını itirməyən bir çox əsərləri ekranlaşdırılıb.
Aleksinin kitabları dünyanın 48 dilində nəşr olunub, onların tirajı 120 milyon nüsxəni keçib. 1993-cü ildə Aleksin İsrailə köçür, 2011-ci ildən Lüksemburqda yaşayıb yazmağa davam edir.
Uşaq ədəbiyyatının klassiki Anatoli Georgiyeviç Aleksin 2017-ci il mayın 1-də Lüksemburqda 93 yaşında vəfat edib.

Mədəniyyət 2024-08-03 23:46:00