×
A
A
A
Sazlamalar

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başa çatıb

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III ixtisas qrupu üzrə bakalavriat səviyyəsinin islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başa çatıb. Dini-Psixoloji Komissiya avqustun 1-3-də fəaliyyət göstərib.
Bu barədə AZƏRTAC-a İlahiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, abituriyentlərin dünyagörüşü səviyyələrinin və islamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini-Psixoloji Komissiya yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və DİM-in əməkdaşları daxil ediliblər.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları, dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılıb.
DİM-in saytında müsahibə mərhələsində iştirak etmək üçün 104 abituriyent qeydiyyatdan keçib. Onlardan 57 nəfəri “məqbul” alıb.
Müsahibədən uğurla keçən abituriyentlər seçim zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə biləcəklər.
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi avqustun 9-dan 19-dək Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq.
Azərbaycan İlahiyyat İnstitutu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir. Aİİ-də bakalavriat səviyyəsi üzrə dinşünaslıq və islamşünaslıq ixtisaslarına tələbə qəbulu həyata keçirilir. Ali təhsil müəssisəsində tələbələr tamamilə ödənişsiz təhsil almaqla yanaşı, həmçinin təhsil aldıqları müddətdə müxtəlif adlı təqaüdlər qazanmaq imkanı əldə edirlər.

Elm və təhsil 2024-08-03 16:25:00