Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 aprel tarixli 3843 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planlarında göstərilmiş, dövlət mülkiyyətinə aid 29,63 hektar (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar) torpaq sahəsinin icarəyə vermək hüququ ilə həmin Nazirliyin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı iki ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyul 2024-cü il