×
A
A
A
Sazlamalar

Tovuzda AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilib

Bakı, 25 iyul, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihəsi çərçivəsində Tovuz rayonunda “Qərb yenilikləri” kooperativinə dəstək göstərilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kooperativdə 25 qadın fermerin kartof əkdikləri ərazi çiləmə üsulu ilə suvarma sistemi və 360 metr su borusu ilə təmin edilib. Həmçinin kənd təsərrüfatının fərqli istiqamətlərində inkişaf perspektivləri nəzərə alınaraq qadın fermerlər üçün quşçuluq istiqamətində təlimlər də təşkil edilib.
Təlimlərdə fermerlər yumurta istehsalı istiqamətində təsərrüfatın qurulması və inkişaf etdirilməsi, eləcə də toyuq xəstəliklərinə qarşı mübarizə tədbirləri və digər mövzular barədə faydalı məlumatlar əldə ediblər.
AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədilə icra edilir.
Bugünədək AFAQ layihəsi çərçivəsində 556 fermerə kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərində təlimlər keçirilib. Ümumilikdə isə 25 region üzrə 258 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

İqtisadiyyat 2024-07-25 17:00:00