Dörd il ərzində Ayasofyanı 25 milyon insan ziyarət edib
İstanbul, 24 iyul, Günel Karatepe, AZƏRTAC
İstanbulun Ayasofya məbədinin yenidən ibadət üçün açılmasından dörd il ötür.
AZƏRTAC xəbər verir ki, ötən bu dörd il ərzində məbədi yerli vətəndaşlar və əcnəbilər olmaqla ümumilikdə təxminən 25 milyon insan ziyarət edib.
Qeyd edək ki, məbəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 86 ildən sonra ilk cümə namazı ilə yenidən məscid olaraq istifadəyə verilib. Bu münasibətlə dünyanın müxtəlif bölgələrindən insanlar İstanbula axın etdilər. O gün şəhərin Ayasofyaya yaxın 21 məscidi bura gələn ziyarətçilərə xidmət göstərmək üçün gecə boyu açıq olub.
Türkiyə Prezidenti tərəfindən “Qurani-Kərim”dən ayələrin oxunması ilə istifadəyə verilən bu məbəd ilk dəfə 1453-cü ildə Fateh Sultan Mehmet tərəfindən İstanbulun fəthindən sonra məscid kimi fəaliyyətə başlayıb. Belə ki, şəhərin fəthindən dərhal sonra İstanbul fatehi Ayasofyaya gələrək ilk namazını məhz burada qılıb.
Dünya memarlıq tarixinin günümüzədək gələn ən görkəmli abidələrindən olan Ayasofya memarlığı, möhtəşəmliyi, ölçüsü və funksionallığı ilə dünya sənət aləmində mühüm yer tutur.
Ayasofya Şərqi Roma İmperatorluğu tərəfindən İstanbulda inşa edilən ən böyük memarlıq abidəsidir. Bu bina eyni ərazidə üç dəfə tikilib. İlk dəfə imperator Konstantios tərəfindən 360-cı ildə Böyük Kilsə (Megale Ekklesia) adı ilə tikilən və 415-ci ildə İmperator II Teodoz tərəfindən yenidən inşa edilən Ayasofya (Müqəddəs Hikmət) o zamanlar baş qaldıran xalq üsyanları nəticəsində dağıdılıb.
İstanbulun mərkəzi hissəsində yerləşən və dünyada ən çox ziyarətçi qəbul edən tikililərdən olan Ayasofyanın günümüzədək gələn binası isə İmperator Justinianosun göstərişi ilə üçüncü dəfə dövrün iki məşhur memarı Anthemios və İsidoros tərəfindən yenidən tikilib. Beş il on aya tamamlanan tikintidə 200 fəhlə işləyib və bina 916-cı ildə kilsə olaraq ibadətə açılıb.
Osmanlı Ordusunun İstanbulu fəthindən dərhal sonra bina ən yaxşı şəkildə möhkəmləndirilib və əlavələrlə məscid olaraq fəaliyyətini davam etdirib. Sonralar yenə də Osmanlı İmperatorluğu dövründə binanın ətrafında minarələr, mədrəsələr, orta məktəb, fəvvarələr və bir sıra digər tikililər inşa edilib. Osmanlı Sultanı Əbdülməcidin əmri ilə 1847-1849-cu illərdə isveçrəli Fossati qardaşlarının apardıqları təmir işləri zamanı dövrün ən məşhur xəttatlarından olan Kazasker Mustafa İzzət Əfəndi tərəfindən Ayasofyanın əsas qübbəsinin 11,3 metrlik hissəsində “Qurani-Kərim”in Nur surəsinin 35-ci ayəsi yazılıb.
Tikintisində mərmər, daş və kərpicdən istifadə edilən binanın günbəzinin inşasında zəlzələlərdən qorumaq məqsədilə Rodos torpaqlarında xüsusi hazırlanan yüngül və bərk kərpiclərdən istifadə edilib. Tikilinin əsas xüsusiyyətlərindən biri ölçülərinin bir kilsə üçün daha böyük, mərkəzi qübbəsinin isə daha hündür olmasıdır.
Türkiyə Respublikası qurulduqdan sonra, 1930-1935-ci illər arasında bərpa işləri səbəbi ilə müvəqqəti olaraq bağlanan Ayasofya 1934-cü il noyabrın 24-də türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün və ölkənin Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilib.
Daimi Vəqflər, Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Dərnəyinin Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair 1934-cü ildə alınan qərarın ləğvinə dair məhkəməyə təqdim etdiyi iddia ərizəsi 2020-ci il iyulun 10-da dərnəyin xeyrinə nəticələnib. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən həmin gün Ayasofyanın Türkiyənin Diyanət İşləri Baş İdarəsinin tərkibinə daxil edilməsi və ibadət üçün açılması ilə bağlı imzalanan Sərəncam “Resmi Gazet”də yayımlanaraq qüvvəyə minib.
Qeyd edək ki, Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
İsveçdə yeni vətəndaşlıq alanların sayının xeyli azalacağı gözlənilir
Gürcüstan əhalisinin sayı cüzi artıb
Hindistan DİN bütün Pakistan vətəndaşlarını ölkədən çıxarmağa çağırıb
ABŞ qoşunlarının Avropadan çıxarılmasının ehtimal olunan nəticələri açıqlanıb
“Rafale” üçün yaxşı və pis xəbər: “F-35” ilə rəqabət çətindir