Bərdə və Tərtərdə istismarına icazə verilən bir sıra obyektlərin çıxarışları sahibkarlara təqdim olunub VİDEO
Bərdə, 24 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir. Artıq ölkə üzrə 791 bu cür qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Çıxarışla təmin edilmiş obyektlər paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarını da əhatə edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fərmanın icrası çərçivəsində iyulun 24-də Bərdə və Tərtər rayonlarında da bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Elmar Yaqubov jurnalistlərə müsahibəsində bildirib ki, bu ilin iyulun 20-dək 7990 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim olunub, 791 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin edilib. Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına geniş imkanlar yaradır. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüquqlarının tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir.
“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi sahibkarlar tərəfindən razılıqla qarşılanır. Uzun illər fəaliyyət göstərən obyektlərini sənədləşdirə bilməyən sahibkarlar yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər.
Bərdə rayonundan olan sahibkar Ramiz Vəliyev deyib: “2022-ci ildən mebel mağazamız fəaliyyət göstərsə də sənədləşdirə bilməmişdik. Bu da bir sahibkar kimi bizim üçün bir sıra çətinliklər yaradırdı. Prezidentin müvafiq Fərmanından sonra aidiyyəti qurumlara müraciət etdik və məsələ öz həllini tapdı. Bu gün obyektimizin çıxarışı təqdim olundu. Artıq binanı rahat şəkildə girov qoya, sahibkarlıq fəaliyyətimizi genişləndirmək üçün kredit götürə bilərik. Göstərdiyi diqqətə görə Prezidentimizə minnətdaram”.
Tərtər rayonundan olan sahibkar Xəqani Qasımov isə deyib: “Obyektimiz 30 ilə yaxın idi ki, fəaliyyət göstərsə də çıxarış yox idi. Dövlət başçısının Fərmanından sonra müraciət etdim, qısa vaxtda müvafiq qurumlar tərəfindən çıxarışla təmin edildim. Sahəsi 155 kvadratmetr olan obyektimiz aptek və gözəllik salonu kimi fəaliyyət göstərir. Lakin obyektin sənədi olmadığı üçün fəaliyyətimizdə çətinliklər olurdu. Artıq sənədlərimiz tam qaydasındadır. Əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir. Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci ilədək qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.
ADPU-nun Quba filialında 20 Yanvar şəhidləri anılıb
Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub VİDEO