Balaxanı Əməliyyat Şirkəti Milli Mətbuat Günü münasibətilə tədbir keçirib
Bakı, 23 iyul, AZƏRTAC
Balaxanı Əməliyyat Şirkəti (BOC LTD) “Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra milli mətbuatın keçdiyi tarixi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev bildirib ki, kütləvi informasiya vasitələri mətbuat cəmiyyətinin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır: “Azərbaycan milli mətbuatı yarandığı ilk gündən milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı yerinə yetirib”.
O qeyd edib ki, Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası bir əsr yarıma yaxın bir dövrdə çətin, lakin şərəfli yol keçib.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bildirib ki, bu günün mətbuat günü kimi qeyd olunması Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə ölkəmizdə ana dilli ilk mətbu orqanın əsasının qoyulması ilə bağlıdır: “Həmin gün “Əkinçi” qəzetinin ilk sayı işıq üzü görüb. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən “Əkinçi”nin 56 sayı işıq üzü görüb və bu qəzetin nəşri təkcə Azərbaycanda deyil, bütün Qafqazda geniş əks-səda doğurub. Ömrü qısa olsa da, qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat etdiyinə görə fəaliyyəti dayandırılıb”.
Daha sonra “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə mətbuata böyük diqqət və qayğı ilə yanaşırdı: “Məhz onun təşəbbüsü ilə mətbuat üzərində senzura aradan qaldırıldı, söz və mətbuat azadlığı bərqərar edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi ilk dövrdən başlayaraq kütləvi informasiya vasitələrinə xüsusi həssaslıqla yanaşmış, mətbuat orqanlarına maliyyə dəstəyi göstərilməsinə, onların maddi-texniki bazasının möhkəmlənməsinə həmişə əməli köməklik göstərib”.
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Xatirə Əliyeva öz növbəsində qeyd edib ki, bu gün müstəqillik yolu və inamla irəliləyən, hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində də çox uğurlu irəliləyişlər göz qabağındadır. Onun sözlərinə görə, ölkədə söz azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, istər yazılı, istərsə də elektron kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir.
Daha sonra çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Korporativ Əlaqələr və Marketinq şöbəsinin müdiri Emil Hüseynov, Balaxanı Əməliyyat Şirkətinin rəhbərinin əməliyyatlar üzrə müşaviri Telman Cəfərov və şirkətin Ümumi İşlər departamentinin direktoru Kərim Aşurov bildiriblər ki, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, azad söz və mətbuat da cəmiyyətlə dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur.
Sonda bir qrup mətbuat nümayəndələri təşəkkürnamə və hədiyyələrlə təltif olunub.
® "Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir
Azər Əmiraslanov: Sahibkarlığın inkişaf etdirilməsi iqtisadi strategiyamızın əsas hədəflərindəndir
Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün aparılan islahatlar ATƏT-lə müzakirə edilib
“Azərkosmos” və Türkiyənin “Plan-S” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb