Qəhrəmanlıq ənənələrinə sədaqət ruhunda
Bakı, 20 iyul, AZƏRTAC
Tarixdə elə unudulmaz günlər, aylar və hadisələr var ki, onu əks etdirən eksponatlar hər zaman dəyərlidir və onun keçmişimizin, dünənimizin bir parçası kimi muzeylərdə saxlanılması böyük əhəmiyyət kəsb edir. Bu mənada xalqımızın hərb tarixində müstəsna əhəmiyyət daşıyan Vətən müharibəsi ilə bağlı hər bir əşya Zəfər tariximizin ayrı-ayrı məqamlarını canlandıran, yaddaşlarda yaşadan nümunə kimi hər kəs üçün qiymətlidir. Ona görə də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması çox mühüm və gərəkli işdir.
Hazırda tikinti-təmir işlərinin intensiv aparıldığı memorial kompleks və muzey paytaxtın Nobel prospektində – prospektlə Ağ şəhər bulvarı arasında salınan parkda qurulur. Bunun üçün Muzeyin əməkdaşları şəhid və qazi ailələrindən, Vətən müharibəsinin iştirakçılarından şəxsi əşyaların, materialların və hərbi qənimətlərin toplanılması işini davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, yaxın tariximizə güzgü tutan muzeyin fondlarının komplektləşdirilməsi işi Azərbaycan İstiqlal Muzeyinə həvalə olunub. Muzeyin direktoru Sədi Mirseyibli Vətən müharibəsi şəhidləri və qazilərin əşyalarının toplanılması ilə əlaqədar deyib: “Əməkdaşlarımız muzeyin eksponatlarının toplanılması işinə böyük həvəslə girişiblər. Vətən müdafiəçilərinin istifadə etdiyi əşyaların hər biri şanlı tarixin parçasına çevrilib. Zəfər muzeyi üçün komplektləşdirmə işinin bizə həvalə olunduğu 2021-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyinin tapşırığı ilə üzərimizə düşən öhdəliyi bütün gücümüzlə yerinə yetiririk. Bunun üçün əməkdaşlarımız həm paytaxtda, həm də rayonlarda şəhid ailələri ilə görüşlər keçirir, onların yadigar qalan əşyalarını toplayır və komplektləşdirirlər. Vətəndaşlar bu işdə bizə yaxından dəstək göstərirlər. İndiyədək Zəfər muzeyinin fondlarının komplektləşdirilməsi üçün toplanan əşyaların sayı 9,2 mindən çoxdur. Təkcə bu il şəhid ailələri, qazilər və Vətən müharibəsində iştirak edənlərə aid 300 əşya toplanılıb”.
Direktor daha sonra deyib: “Muzeydə çoxdan bəri həyata keçirdiyimiz “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə həyata keçirilir. Həmçinin Vətən müharibəsi qəhrəmanlarının şəxsi əşyalarının nümayiş olunduğu sərgilər açılır. Hazırda mövsümi işlərlə əlaqədar olaraq layihənin həyata keçirilməsi dayandırılsa da, sentyabrdan bu işi davam etdirəcəyik. Burada təkcə Vətən müharibəsində şəhid və qazi olmuş qəhrəmanların deyil, Aprel döyüşləri və antiterror əməliyyatı şəhidləri, habelə Birinci Qarabağ müharibəsində şəhid və qazi olmuş qəhrəmanların şəxsi əşyaları – geyim və fotoları toplanılır. Onu da deyim ki, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili Qoşunlar, Müdafiə Sənayesi Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən sayda əşyalar, maketlər, geyimlər Zəfər muzeyi fondunun komplektləşdirilməsi məqsədilə İstiqlal Muzeyinə təhvil verilib. Toplanmış bütün əşyalar Zəfər muzeyi fəaliyyətə başladığı vaxtda oraya təhvil veriləcək.
Yeri gəlmişkən deyim ki, Polad Həşimov, Xudayar Yusifzadə, Rəşad Babayev və digər döyüşçülərə aid əşyalar artıq tam komplektləşdirilib. Yeni muzeyin eksponatları, orada nümayiş olunan sənədlər gələcək nəsillərdə hərbi-vətənpərvərlik hissinin daha da güclənməsinə, onların öz sələflərinin qəhrəmanlıq ənənələrinə sədaqət ruhunda böyüməsinə xidmət edəcək”.
Azərbaycan Filippində beynəlxalq mədəniyyət festivalında təmsil olunub
Bakıda sərgi sahəsinin peşəkarları üçün növbəti intensiv praktiki seminar təşkil olunacaq
“Yeni kitablarla tanış olaq” adlı icmal keçirilib