×
A
A
A
Sazlamalar

Milli Kitabxanada professor Ceyran Mahmudovaya həsr olunmuş kitab sərgisi açılıb

Bakı, 19 iyul, AZƏRTAC

Əməkdar incəsənət xadimi, tanınmış musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudovanın anadan olmasının 60 illik yubileyi ilə əlaqədar Milli Kitabxanada “Professor Ceyran Mahmudova” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə musiqişünas alimin monoqrafiyaları, tərtibçisi olduğu və redaktə etdiyi kitablar, elmi məqalələri, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Ceyran Mahmudova 1971-1982-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1982-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Tarixi-nəzəriyyə fakültəsinə daxil olub, 1987-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib, 1987-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub.
1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” mövzusunda namizədlik, 2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Ali Attestasiya Komissiyası tərəfindən 2003-cü ildə “dosent”, 2017-ci ildə “professor” elmi adına layiq görülüb.
Prezident İlham Əliyevin 2018-ci il 30 iyul tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin olunub. 2023-cü il dekabrın 13-də “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilib.

Mədəniyyət 2024-07-19 16:54:00