×
A
A
A
Sazlamalar

Zabratda süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Bakı, 18 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi 37 ünvanında fiziki şəxs Cəfərov Əli Telman oğluna məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama aparıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.
Həmçinin qanunvericiliyə uyğun markalanması olmayan 28 ədəd 2 kiloqramlıq duzlu pendir məhsulu, etiket məlumatlarında istehsalçı ünvanı və məhsulun çeşidi barədə düzgün məlumatlar qeyd olunmamış ümumi çəkisi 180 kiloqram “Gülman” əmtəə nişanlı pendir məhsulu, xammal olaraq tərkibində palma yağından istifadə edilməsinə baxmayaraq, etiket məlumatlarında “Palma yağı yoxdur” ifadəsi yer almış 1 kiloqramlıq qablaşdırmada 18 ədəd yağ məhsulu aşkarlanıb.
Müayinələrin aparılması məqsədilə müəssisədə emal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq protokollarına əsasən, “Gülman” əmtəə nişanlı holland pendirində (E.Coli) və “Ukrayna” bitki yağı spredində (kif maya) mikrobioloji uyğunsuzluq, yağ nümunəsində isə “Natamisin” (məhsulların rəf ömrünü artırmaq üçün istifadə olunan antibiotik) müəyyən edilib. Normativ sənədlərin tələbinə əsasən, yağ məhsullarında “Natamisin”in istifadəsinə yol verilmir.
Yoxlama zamanı xammal olaraq istifadə olunan təbii və quru süd məhsullarının müşayiətedici sənədləri, yağ emalında istifadə olunan nehrə qurğusunun sertifikatı təqdim edilməyib. Müəssisədə yağ məhsullarının qablaşdırılması üçün xüsusi qurğu və qəliblərin olmadığı və həmin prosesin başqa müəssisədə həyata keçirildiyi məlum olub.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkar edilən məhsulların satışının qadağan olunması və emalının dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib.

Cəmiyyət 2024-07-18 17:25:00