×
A
A
A
Sazlamalar

Masallıda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar və ağacəkmə aksiyası keçirilib

Masallı, 18 iyul, İlkin Adıyev, AZƏRTAC

Masallı rayon prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Masallı rayon prokuroru Vəli Mustafayev rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.
V.Mustafayev çıxışında prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı yaşıl dünya üçün hüquqi tənzimləmələrdən bəhs edərək təbii resurslar və bioloji çeşidliliyin qorunması, tullantıların idarə olunması, enerji effektliliyi və alternativ enerji istehsalı, zərərli kimyəvi maddələrin idarə edilməsi kimi sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə məlumat verib.
Seminar zamanı iştirakçılarla faydalı fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.
“Yaşıl dünya üçün hüquqi yeniliklər” tədbiri çərçivəsində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması məqsədilə prokurorluq əməkdaşları və tədbirin digər iştirakçıları tərəfindən Masallı rayonunda ağaclar əkilib.

 

Regionlar 2024-07-18 15:22:00