Birinci Qarabağ müharibəsi şəhidi Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub YENİLƏNİB VİDEO
Bakı, 18 iyul, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Qurbanov Aydın Əsədulla oğlu iyulun 18-də paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Vətənin azadlığı uğrunda mübarizədə canından keçən Aydın Qurbanovun xatirəsi xalqımızın qəlbində yaşayacaq.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb. Tədbirdə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub.
Şəhidin qardaşı Vasif Qurbanov jurnalistlərə müsahibəsində deyib: “İyunun 21-də mənə zəng gəldi ki, şəhidiniz haqqında xəbər var. Sevindim ki, mənim qardaşım neçə illərdən sonra tapılıb. O, cavan yaşlarında, 1993-cü ildə Sabunçu rayonunda hərbi komissarlığa könüllü olaraq getmişdi. Ailəli idi və övladları var idi. İki övladı olmasına baxmayaraq, o, Vətənini seçdi. Vətəni qorumaq hər bir insanın borcudur. Şükürlər olsun ki, o, şəhidlik zirvəsinə ucaldı. 1994-cü ildə itkin düşmüşdü. Bu müddət ərzində analizlər, DNT testləri verdik ki, tapılsın. İyun ayında bizə məlumat verildi ki, qardaşınızın cəsədi tapılıb. Otuz bir ildən sonra qardaşım dəfn edilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Şəhidin komandiri olmuş Zöhrab Nəsibov da təəssüratlarını jurnalistlərlə bölüşüb: “Mən Aydın haqqında çox danışa bilərəm. Vətəninə və millətinə olan sevgisi, bağlılığı onu hərbçi olmağa sövq etdi. Aydın Qurbanov döyüşlərdə cəsur və peşəkar davranışı ilə həmkarlarının, komandirlərinin rəğbətini qazanmışdı. Həmçinin o, hərbi xidmətdə olduğu müddətdə böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdi”.
Şuşanın məşhur Mehmandarovlar nəsli və onların mühüm xidmətləri
Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub
Gənc liderlər MDB ölkələrində könüllülər hərəkatı ilinə yekun vurublar
Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyə yaxın artırılıb
Yetkinlik yaşına çatmayanların aqressiv davranışlarına həsr edilmiş konfrans təşkil olunub