×
A
A
A
Sazlamalar

Türkiyəli nazir: Avropaya qaz tədarükünü artırmaq istiqamətində SOCAR ilə birgə işləyirik

Ankara, 16 iyul, AZƏRTAC

Türkiyə Avropa İttifaqının (Aİ) uzunmüddətli zəmanəti olacağı təqdirdə Avropa bazarına daha böyük həcmdə təbii qaz tədarük etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Biz 10 və ya 15 il zəmanət istəyirik. Bu gün Avropaya qaz tədarükünü artırmaq üçün zəruri olan yeganə vasitə Türkiyə-Bolqarıstan boru kəmərinin imkanlarının artırılmasıdır”, -deyə Energetika Nazirliyinin rəhbəri bildirib.
Onun sözlərinə görə, Türkiyə texniki cəhətdən avropalı istehlakçılara çatdırıla biləcək 7 milyard kubmetr qazın yalnız yarısını Avropaya ixrac etməyə məcburdur. “Biz bu rəqəmi 10 milyard kubmetrə çatdırmaq üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə işləyirik. Lakin bunun üçün Avropa bazarının ehtiyacları üçün zəmanət almaq lazımdır”, - deyə türkiyəli nazir bildirib.
Türkmənistanla qaz sahəsində əməkdaşlıq ehtimalını şərh edən Energetika Nazirliyinin rəhbəri xatırladıb ki, hazırda türkmən qazının alınması İran vasitəsilə svop təchizatı sxemi ilə həyata keçirilir. “Bu ayın sonuna qədər Türkmənistana səfər planlaşdırılıb və bu səfər zamanı biz müvafiq sazişlərin imzalanacağına ümid edirik”, -deyə Bayraktar bildirib.
Türkiyənin Energetika Nazirliyinin rəhbəri əlavə edib ki, Ankara təbii qazın qiymətlərinin aşağı salınması ilə bağlı Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar aparır.
Türkiyəli nazir Sinopda Türkiyənin ikinci atom elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsində Rusiya tərəfinin maraqlı olmasından da danışıb. “Yaxın 2-3 ildə bu atom elektrik stansiyasına lisenziyaların verilməsi prosesi başa çatacaq. Rəqibləri ilə müqayisədə “Akkuyu” AES-i inşa edən Rusiya tərəfinin müəyyən üstünlükləri var”, - deyə nazir bildirib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

İqtisadiyyat 2024-07-16 17:23:00