×
A
A
A
Sazlamalar

BMT-də Azərbaycanın mina təhlükəsizliyi sahəsində fəaliyyətinə dair konfrans keçirilib VİDEO

Nyu-York, 16 iyul, AZƏRTAC
BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Yüksək Səviyyəli Siyasi Forum çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kəsi kənarda qoymamaq naminə mina və partlamamış hərbi sursat fəaliyyətləri” adlı paralel tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Laos Xarici İşlər Nazirliyinin, BMT İnkişaf Proqramının, Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın (UNESCAP) birgə təşkilatçılığı ilə baş tutub.
Laosun Baş nazirinin müavini, xarici işlər naziri Salemsay Kommasit bildirib ki, partlamamış hərbi sursat və minalar Laosda inkişafa mane olur, müharibənin qalıqlarının aradan qaldırılmasında ciddi təhlükə yaradır. Onun sözlərinə görə, ölkənin hazırda üçdəbiri partlamamış hərbi sursatla çirklənib.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Laos və Azərbaycanın UNESCAP tərəfindən irəli sürülmüş Könüllü Milli Hesabat tvinninq təşəbbüsü çərçivəsində əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, konfransın mövzusu Azərbaycan, o cümlədən bəşəriyyət üçün əhəmiyyət kəsb edir. Nazir müavini əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında qarşıya çıxan əsas problemlərdən biri beynəlxalq sülh və rifahın təmin olunması sahəsində qlobal təşəbbüslərə kölgə salan mina problemi məsələsidir. Bu baxımdan o, Azərbaycanın adının dünyanın 5 ən çox minalanmış ölkələri siyahısına daxil edildiyini vurğulayıb: “Bu minalar Azərbaycanda insan təhlükəsizliyi üçün böyük təhdid təşkil etməyə davam edir. Təxminən 3400 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan təxminən 600-ü ölümlə nəticələnib. Mina partlayışına görə həyatını itirənlərdən 358-i uşaq, 30-u qadındır”.
Sahib Məmmədov bildirib ki, ərazilərin minalarla çirklənməsi əhalinin həyat və yaşayışını təhlükə altına alır, yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtmasına mane törədir. O əlavə edib ki, bərpa istiqamətində minasızlaşdırmanın vacib rolunu qəbul edən Azərbaycan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədini irəli sürüb.
İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov 18-ci milli Dayanıqlı İnkişaf Məqsədinin məqsəd və hədəfləri barədə geniş təqdimatla çıxış edib.
BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Avropa və MDB üzrə regional direktoru İvana Zivkoviç təmsil etdiyi qurumun Azərbaycanda aktiv komandasının fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, komanda mina məsələsi də daxil olmaqla sıx gündəliyə malikdir. UNDP rəsmisi, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə bu yaxınlarda beynəlxalq mina fəaliyyətinə dair konfrans keçirdiklərini əlavə edib. “UNDP mina çirklənməsi və partlamamış hərbi sursatlarla mübarizə aparan ölkələri dəstəkləyir. Bu dəstəyə ən yaxşı təcrübələrlə bağlı informasiya mübadiləsi, süni intellekt, dron, peyk kimi yeni texnologiyalarla bağlı məlumat paylaşımı, heyvanların, o cümlədən itlərin mina fəaliyyətlərinə cəlb olunması sahəsində təcrübə mübadiləsi daxildir. Azərbaycanın da bu sahədə çox yaxşı təcrübəsi var. Mən buna şəxsən şahid olmuşam. ANAMA və UNDP arasında Mükəmməllik Mərkəzi yaradılıb. Bu mərkəz gələcək dövrlər üçün fəaliyyətləri inkişaf etdirir və ilkin mərhələdə Azərbaycana, növbəti mərhələdə isə regionda və dünyanın digər bölgələrində yerləşən ölkələrə dəstək məqsədi daşıyır. Əməkdaşlığımızdan böyük gözləntilərimiz var”, - deyə BMT Baş katibinin köməkçisi bildirib.
Azərbaycanın əmək və əhlinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mina qurbanlarının sosial müdafiəsi barədə danışıb və nazirliyin onların həyat şəraitinin inkişafı və təminatı sahəsində əhəmiyyətli addımlar atdığını qeyd edib. Nazir müavini bildirib ki, minadan əziyyət çəkən insanların sosial ödənişlərinin artırılması və sosial müavinətlərin təyin edilməsi üçün vacib qanunvericilik təşəbbüsləri irəli sürülüb. “Bu baxımdan 10 yeni sosial müavinət təyin edilib. 2018-ci ildə 4 sosial islahatlar paketi həyata keçirilib. Artırılmış sosial müavinətlər əhalinin ən həssas təbəqəsinə yönləndirlir. Onların əhatəsi 60 faiz artaraq 880 min insanı əhatə edib”,- deyə Anar Kərimov bildirib.
Nazir müavini əlavə edib ki, mina qurbanları sosial sığorta proqramı çərçivəsində birdəfəlik təzminatla təmin olunurlar. Təzminatın məbləği mina insidenti nəticəsində baş vermiş xəsarətin dərəcəsindən asılıdır. O, həmçinin vurğulayıb ki, mina qurbanları müxtəlif tibbi və fiziki sosial reabilitasiya xidmətlərindən yararlanmaq şansına malikdirlər. Bu baxımdan 700 yataq yerinə malik 14 reabilitasiya mərkəzinin yaradıldığını qeyd edib.
Sonda Azərbaycan nümayəndə heyəti tədbir iştirakçılarının suallarını cavablandırıb.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York

Siyasət 2024-07-16 08:52:00

Video