Sevil Kərimova: “Digital art” yaradıcılığı kətan üzərində rəsm çəkməkdən asan proses deyil
Bakı, 13 iyul, Tatyana İvanayeva, AZƏRTAC
Kristian Polun “Rəqəmsal incəsənət” kitabında müəllif yazır ki, rəqəmsal incəsənət mədəniyyət tarixində boşluqdan meydana çıxmayıb; o, əvvəlki dövrlərin bədii cərəyanları ilə, xüsusən də dadaizm, “Flüksus” cərəyanları və konseptual incəsənətlə sıx bağlıdır. Onun bu fikirləri Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşı, Rəssamlıq Akademiyasının magistri Sevil Kərimovanın məhz bu postulata əsaslanan yaradıcılığı ilə ahəngdar şəkildə üst-üstə düşür.
Rəqəmsal incəsənətin muzeylərdə və digər mədəniyyət müəssisələrində özünə daimi yer edəcəyini və ya başqa kontekstlərdə mövcud olacağını söyləmək hələ də çətindir, amma bu tendensiyanın mədəniyyətə rəsmi olaraq yalnız 1990-cı illərin sonlarında, muzeylər və mədəniyyət müəssisələrinin fəaliyyət göstərdiyi vaxtlarda daxil olduğunu qeyd etməmək olmaz. Belə ki, qalereyalar getdikcə bu cür formaları öz sərgilərinə daxil etməyə və onlara ayrıca stendlər ayırmağa başladılar.
AZƏRTAC-la söhbətin mövzusu da hazırda Azərbaycan Milli İncəsənət Muzeyində bu mədəniyyət müəssisəsinin direktoru Şirin Məlikovanın kuratorluğu ilə keçirilən “Vəcihə Səmədova - 100 il: Rəssamın həyatından səhifələr” adlı sərginin ekspozisiyasına daxil edilmiş Sevil Kərimovanın “digital art” formatında hazırladığı klassik Azərbaycan vizual əsərlərindən birinin təqdimatı ilə bağlı olub.
-Sevil xanım, “digital art” incəsənət aləminin bir hissəsi hesab oluna bilərmi?
-Dünyanın irəliyə doğru sürətlə addımladığı bir şəraitdə incəsənət yerində saya bilməz! “Digital art” sonsuzluğa doğru geniş imkanlar yaradan növbəti addım və ya dönüş nöqtəsidir. Amma, zənnimcə, rəqəmsal təsviri incəsənəti düşüncələrin ifadəsinin müstəsna formatı hesab etmək o qədər də düzgün olmazdı. Mən onu bir az fərqli rakursda görürəm. “Digital art”ın dərinliklərinə vardığımda, gözlənilmədən kəşf etdim ki, dünya sivilizasiyasının mövcudluğu dövründə ərsəyə gəlmiş bütün yaradıcı sərvət rəqəmsal aləmə köçürülüb.
-Bu minvalla istənilən şedevri skan etmək mümkündür axı...
-Amma həmin şedevr “digital art” əsəri statusu almayacaq! Hətta yüksək məqamdan izn alsa da, sadəcə, bir əsərin şübhəli keyfiyyətli surəti olacaq. Yeri gəlmişkən, rəsm əsərlərinin nüsxələri hələ də ənənəvi formada yaradılır, onlar bir-birinə bənzəsələr də, “şedevr” dərəcəsinə çatmır. Rəqəmsal vizual üslub düzgün yanaşma ilə orijinallığı da saxlayır və istənilən təkrarlama sadəcə, bir surətdir. Rəqəmsal sənətdə əsərlər yaratmaq kətan üzərində rəsm çəkməkdən daha asan proses deyil. Mən də bir eskiz, konstruksiya, nisbətlər, birinci təbəqə ilə yaradıcılığa başlayıram... və sonra virtual kətan adi prosesləri təkrarlayan təbəqələrlə doldurulur. Sözlərimə inanın, burada nəticə daha da dərin olur...
- Necə?
- Başa düşürəm ki, indi klassik yanaşma tərəfdarları mənimlə mübahisə edə bilərlər, lakin rəqəmsal incəsənətdə ciddi şəkildə çalışan bir rəssam kimi mənim fikrim və təcrübəm onu deməyə əsas verir ki, bu formatda sənət əsərləri öz qabiliyyətinə görə daha böyük “həyat” palitrasına malikdir. Məsələn, orijinal əsəri çəkmək üçün xüsusi 3D effekti ilə “mexanizmlərdən” istifadə etməklə onu müəyyən etmək daha asandır... Yaxud, zərurət yaranarsa, bir növ hərəkət əlavə edəcək animasiyadan istifadə edərək həcm də qata bilərsiniz. Beləliklə, süjet “müstəvidən çıxır”...
-Amma belə olan təqdirdə bu, sadəcə rəsm əsəri deyil, animasiya filmidir.
-Tam şəkildə deyil, amma ona yaxındır. Ona görə də mənim də işlədiyim animasiyaya olan diqqətim başa düşüləndir. Məsələn, hazırda Azərbaycan Milli İncəsənət Muzeyində muzeyin direktoru Şirin xanım Məlikovanın kuratorluğu ilə Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilir. Şirin xanım gəlişi ilə muzey fəaliyyətinə innovativ layihələrdən geniş istifadəni gətirdi və bunlardan biri də mədəniyyət tarixində silinməz izlər qoymuş Azərbaycanın ilk peşəkar qadın rəssamının məşhur “Kür sahilində” tablosunun “canlandırılması” olub. İdeyanı irəli sürən, onun həyata keçirilməsi üçün hər cür şərait yaradan və multimedia tətbiqinin reallaşdırılması prosesinə bilavasitə nəzarət edən rejissorumuz olub. Bir rəqəmsal rəssam kimi tədricən təkrar istehsal etdiyim, 1961-ci ildə yaradılan sənət əsəri addım-addım müasir “görkəm” aldı. Azərbaycan rəssamının rəsm əsəri ilk dəfədir ki, rəqəmsal texnologiya vasitəsilə “yeni nəfəs” alır... Gizlətmirəm, Vəcihə Səmədovanın nəvəsi Aqşin Feyzullayev tərəfindən bu əsərə verilən yüksək qiymət məni çox sevindirdi. Onun fikri bizim üçün inanılmaz dərəcədə vacibdir. Aqşin Feyzullayev qeyd etdi ki, animasiya rəqəmsal sənət formatında müəllifin orijinallığını qoruyub saxlaya, rəssamın yaratdığı dərinliyi və sevgini çatdıra bilib. Belə bir insanın minnətdarlığını qiymətləndirmək bir sənətkar kimi mənim üçün inanılmaz dərəcədə xoşdur...
-Klassik əsərlərin insanlara “rəqəmsal” formatda çatdırılması nə dərəcədə əhəmiyyətlidir?
- Kuratorluğu ilə “Kür sahilində” rəqəmsal əsərinin yenidən yaranmasına şərait yaradan, sənət əsərlərinin insanların həyatında əhəmiyyətinin təqdimatı və təbliği sahəsində müxtəlif yenilikləri parlaq şəkildə təqdim edən Şirin xanımla mənim şəxsi əməkdaşlıq təcrübəm belə deməyə əsas verir ki, rəqəmsal texnologiya yaradıcı vizual təkamüldə növbəti addım olan bir sahədir. Sözügedən layihə bu gün rəqəmsal incəsənət üzrə təhsil alan və Vəcihə Səmədovanın sərgisinin açılışına dəvət edilən tələbələrimə rəqəmsal incəsənətin sadəcə əyləncə deyil, ciddi sənət olduğunu göstərməyimə imkan verdi. Yeri gəlmişkən, onlarda artıq “mən də belə etmək istəyirəm” həvəsi oyanıb.
-Ehtimal etmək olarmı ki, burada uşaqların cəlb olunması aspekti də var?
-Gəlin, açıq danışaq...Nə Rembrandtın “Gecə gözətçisi”, nə Da Vinçinin “Cokonda”sı, nə Van Qoqun “Günəbaxan”ı, nə Vasnetsovun “Üç cəngavər”i, nə Tahir Salahovun “Təmirçilər”i, nə də yüzlərlə başqa şedevrlər hazırkı görkəmini dəyişdirməyəcək. Qacetlərlə oynayan müasir uşaqlar üçün onlar öz hərəkətsizliyi ilə darıxdırıcı ola bilər. Daimi dinamikaya alışmış uşaqlar ilk baxışdan onlara marağı itirirlər. Zənnimcə, məhz klassik əsərlərin animasiyası hələ balaca olan, amma artıq düşünə bilən azyaşlılar üçün stimul rolunu oynaya bilər.
-Yəni, bir növ holizm kimi?
-“Digital art”ın xüsusi cazibəsi müasir dövrdə hər yerdə qacetlərə yüksək tələbatın olmasıdır. Diqqət yetirin, bizim şəhərdə demək olar ki, hər bir sakin planşet və ya smart telefondan istifadə edir. Müasir insanın həyatının bir hissəsinin də rəqəmsal dünyada keçdiyini söyləmək olar. Məsələn, uşaqların klassik sənətə marağını necə canlandıra bilərik? İndiki dövrdə onları planşetlərdən “çıxarıb” muzeyə gətirmək məsələsini həll etmək çətindir. Fikrimcə, onlara tanış olan və planşetdə rəsm çəkmək vərdişi aşılayan rəqəmsal dil burada kifayət qədər uyğundur və bir çox kiçik tələbələrim məhz bu nüansa görə bu detalları öyrənməyə gəlirlər. Uşaqlar əvvəlcə planşetdə öz oyun personajları və ya oyunun özünə yaxın bir şey yaratmaq istəyi ilə idarə olunsalar da, sonradan ən azı oyun sahəsini “tərk edir” və öz yaradıcılığı ilə məşğul olurlar. Hesab edirəm ki, tələbələrimin çoxunun tədricən klassik sənətə istinadları mənə deməyə əsas verir ki, onların “yumşaq güc” vasitəsilə onun pərəstişkarına çevrildiyini qeyd edim. Üstəlik, rəqəmsala diqqət yetirərək onu kətan və kağız üzərində ənənəvi formatda birləşdirməyə başlayanlar da var.
Eyni muzeyin divarları arasında gözəlliklə təmasda olmaq ehtiyacını süni şəkildə yaratmaq mümkün deyil. Bu, qacetlərdən istifadəni genişləndirməklə həyata keçirilməlidir və belə olan təqdirdə, rəqəmsal sahədən keçidlə qalereyalarda, muzeylərdə, sərgilərdə geniş şəkildə nümayiş etdirilən klassik əsərlərlə daha geniş tanışlığa maraq yaranır... Gələcəyimiz olan uşaqların təhsili belə davam edir. Məsələn, dünya incəsənətinin şah əsərlərini canlandırmaq vasitəsilə onları nəinki uşaqlara tanıtdırmaq, həm də balacaların öz əl işləri üçün “obyekt” axtarması ilə başqalarını maraqlandırmaq da olar. Bu, şübhəsiz ki, sənət dünyasının inkişafında növbəti addımdır...
Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib
İsveçrənin paytaxtında Novruz bayramına həsr olunmuş tədbir keçirilib
Elnarə Rəsulova: Novruz milli dəyərlərimizin ruhudur və hər bir naxışda, hər bir rəngdə yaşayır
İstanbulda Azərbaycanın milli-mədəni dəyərləri nümayiş etdirilib