Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə edilib
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, regional əməkdaşlıq imkanları müzakirə olunub.
Mövcud regional və beynəlxalq təhlükəsizlik vəziyyətinin fonunda ATƏT çərçivəsində regional məsələlərin beynəlxalq hüquq normaları əsasında həllini tapması istiqamətində hazırkı imkanlardan səmərəli istifadənin vacibliyi vurğulanıb. Bu istiqamətdə təşkilatın öz fəaliyyətini günümüzün reallıqlarına uyğun şəkildə qurmasının əhəmiyyəti qeyd olunub. Ölkəmizin ATƏT-lə bir sıra istiqamətlər üzrə ən fəal üzvlərdən olduğu diqqətə çatdırılıb.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin mövcud əməkdaşlıq gündəliyində iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regional vəziyyət, ölkəmizin bərpa, yenidənqurma və sülh gündəliyi, mövcud təhdid və çağırışlardan ətraflı bəhs edib. Ermənistanın mina təhdidinin vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə qayıdışına, habelə bu istiqamətdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə hədə törətməkdə davam etdiyi bildirilib.
Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib. Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb
Cahit Bağçı: Səfir kimi Azərbaycandakı fəaliyyətimi hər zaman qürurla xatırlayacağam
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayıb
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
İslamabadda Azərbaycan-Pakistan ikitərəfli siyasi məsləhətləşmələrinin dördüncü raundu keçirilir