×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxananın Türkiyənin “Kobikom telekommunikasiya” şirkəti ilə əməkdaşlığı məsələsi müzakirə edilib

Bakı, 2 iyul, AZƏRTAC

Türkiyənin “Kobikom telekommunikasiya” şirkətinin idarə heyətinin sədri Orxan Kirman ölkəmizə səfəri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Hüseyn Hüseynovla görüşüb.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Görüşdə MEK-in direktoru texnologiyanın sürətlə inkişaf etdiyi müasir dünyada rəqəmsal transformasiyanın bir zərurətə çevrildiyini vurğulayıb, kitabxananın daxili idarəetməsində proseslərin rəqəmsallaşdırılmasının vacibliyindən danışıb. O, mədəni irsimizi texnologiyalar vasitəsilə daha geniş kütləyə çatdırmaqda rəhbəri olduğu kitabxananın xüsusi rolunu qeyd edib.
Kitabxana sektoru üçün inkişaf etdirdikləri rəqəmsal kommunikasiya həlləri barəsində ətraflı məlumat verən “Kobikom telekommunikasiya”nın idarə heyətinin sədri Orxan Kirman təqdim etdikləri şəbəkənin sadəcə idarəetmə üçün nəzərdə tutulmuş alətlər toplusu deyil, rəqəmsal transformasiyanın bütün meyarlarını əhatə edən kompleks həll olduğunu bildirib. Qonaq qeyd edib ki, sözügedən şəbəkə həm də təkrarlanan işləri sistemləşdirməyə və avtomatlaşdırmağa imkan yaradaraq əməkdaşların iş səmərəliliyinin artmasına kömək edir.
Görüş zamanı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Elm və təhsil 2024-07-02 17:10:00