×
A
A
A
Sazlamalar

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

London, 26 iyun, AZƏRTAC

“Wikileaks” portalının təsisçisi Culian Assancı Britaniyadan ABŞ-ın Qərbi Sakit okeanda federal torpağı sayılan Saypan adasına daşıyan şəxsi təyyarə eniş edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Culian Assancın həyat yoldaşı Stella Assanc özünün “X” sosial media şəbəkəsində yazıb.
Assanc, onun komandası və Avstraliyanın Böyük Britaniyadakı Ali Komissarı Stiven Smiti daşıyan şəxsi təyyarə səhər saat 6.15-də Şimali Mariana adalarının paytaxtı Saypan adasına enib.
Culian Assanc bir neçə saat sonra ABŞ yurisdiksiyasındakı federal məhkəmədə hakim qarşısına çıxacaq və qanunsuz olaraq məxfi məlumatları əldə etmək və yaymaqla bağlı təqsirini etiraf edəcək. ABŞ və Assanc arasındakı anlaşmanın federal hakim tərəfindən təsdiqləndiyi təqdirdə, Culiana vətəni Avstraliyaya qayıtmasına imkan veriləcək.
Assanc ABŞ-a getməyə qarşı çıxdığı üçün məhkəmə iclası Saypan adasında keçirilir. Bura həm də Avstraliyaya yaxın olduğu üçün seçilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2024-06-26 02:16:00