×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatı nazirinin müavini Gədəbəydə vətəndaşların ərizə və şikayətlərinə baxıb

Bakı, 25 iyun, AZƏRTAC

Ötən ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov iyunun 25-də Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında rayon sakinlərinin müraciətlərini dinləyib, onların ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işə qəbul, təsərrüfat suyu ilə təminat, qışlaqlarda suvarma və elektrik enerjisi ilə təminata kömək göstərilməsi, biçin prosesinə dəstək və digər məsələlərlə bağlı olub. Nazir müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbuldan sonra Sarvan Cəfərov Söyüdlü və Slavyanka kəndlərində taxıl sahəsinə, tərəvəz əkinlərinə, arıçılıq təsərrüfatına baş çəkib, fermerlərlə görüşüb. Görüşlərdə rayonun aqrar potensialının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Regionlar 2024-06-25 19:40:00