Beynəlxalq tədbirdə Azərbaycanda gender fərqlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışılıb
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də Mərakeş Krallığının paytaxtı Rabat şəhərində keçirilən “Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusunda I Beynəlxalq Konfrans keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək konfransın “Qayğı iqtisadiyyatında qadınların gücləndirilməsi, ailənin möhkəmliyi və rifahının artırılması” mövzusunda təşkil olunan yüksək səviyyəli nazirlər plenarında çıxış edən komitə sədri Bahar Muradova iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən ailə və sosial məsələlər sahəsində əməkdaşlığın intensivləşdiyini bildirib. Deyib ki, bu əlaqələrin möhkəmləndirilməsi və şaxələndirilməsi üçün səylər artırılır. Ötən il Qoşulmama Hərəkatına üzv dövlətlərin sosial sahəyə məsul nazirlərinin Bakıda keçirilən konfransına diqqət çəkən B.Muradova Azərbaycanın təşəbbüsü ilə təşkilatın “Qadın qolu”nun yaradılması barədə bəyannamənin qəbul olunduğunu deyib.
Qayğı iqtisadiyyatının sosial müdafiə çərçivəsində inteqrasiya olunmasının daha inklüziv və ədalətli bir cəmiyyət qurmaq üçün şərait yaratdığından bəhs edən komitə sədri nəticədə ehtiyacı olan insanların daha yaxşı və əlçatan xidmətlərə malik olması, həmçinin qadınların səlahiyyətləndirilməsi üçün böyük potensial yarandığını deyib.
B.Muradova vurğulayıb ki, hazırkı dönəmdə qazanılmış tarixi Qələbədən sonra regionda sülh yaratmağa çalışan Azərbaycanda sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri də məhz işğaldan azad olunmuş ərazilərə qısa zamanda daha çox əhalini qaytarmaq, onların təhlükəsiz yaşamına və məşğulluğunun təmin edilməsinə nail olmaqdır.
Ölkəmizdə müvafiq sahədə qəbul edilən normativ-hüquqi aktlara və qanunvericiliyə dəyişikliklərə diqqət çəkən komitə sədri deyib ki, məşğulluq sahəsində gender fərqinin aradan qaldırılması və iqtisadi bacarıqlarının artırılması məqsədilə müvafiq dəstək proqramları həyata keçirilir.
“Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi çərçivəsində qəbul olunmuş “2022‒2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası” barədə məlumat verən B.Muradova sənəd çərçivəsində həyata keçirilməsi hədəflənən işlərdən danışıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan əsas hədəflərdən biri sosial ödənişlərin ünvanlı və aztəminatlı ailələr üçün yönəldilməsidir. O, bu məqsədlə milli qanunvericilikdə qadınlar üçün bir sıra sosial müavinətlərin nəzərdə tutulduğunu vurğulayıb.
“Qarşıda duran ən mühüm vəzifələrdən biri də ailə institutunun möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunmasıdır”, - deyən B.Muradova diqqətə çatdırıb ki, ölkələrimizdə hərtərəfli qayğı iqtisadiyyatının inkişafını gücləndirmək, ailələrimizin möhkəmliyini qoruyub saxlamaq və bu əsasda qadınlarımızın güclənməsinə nail olmaq üçün yaşıl iqtisadiyyatın inkişafına və ekoloji mühitin sağlamlığının qorunub saxlanılmasına da ciddi formada çalışmalıyıq.
COP29-un bu il Azərbaycanda keçiriləcəyini xatırladan komitə sədri bu məqsədlə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini söyləyib. Eyni zamanda, qəbul edilmiş fəaliyyət planı üzrə bir çox layihələrin icra olunduğunu diqqətə çatdırıb.
Sonda B.Muradova yüksək səviyyəli tərəflər konfransı çərçivəsində qadınların gücləndirilməsi və ailələrin rifahının yaxşılaşdırılması istiqamətində mövzuların müzakirəsinin mühüm dəyişikliklərlə nəticələnəcəyini bildirib. Həmçinin qarşılıqlı təcrübə mübadiləsinin ölkələrimizdə sosial müdafiə sisteminin gücləndirilməsi və bərabər imkanlar şəraitində bərabərliyi təmin etmək sahəsindəki işə böyük töhfə verəcəyinə inamını ifadə edib.
Daha sonra digər çıxışlar dinlənilib və konfrans panel sessiyalarla davam edib.
Qeyd edək ki, konfransa 20-yə yaxın ölkəni təmsil edən aidiyyəti nazir və qurum rəhbərləri də daxil olmaqla, 900-ə yaxın iştirakçı qatılıb.
BDU və ARB 24-ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı yekunlaşıb
Azərbaycan “Şum” Ümumrusiya Gənclər Təhsil Forumunda təmsil olunub
Ombudsman Aparatında türkiyəli professor İlber Ortaylı ilə görüş keçirilib
Akkan Suver: Azərbaycan COP29-a ev sahibliyi etməklə bəşəriyyətə böyük ehtiramını nümayiş etdirir