Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Macar-Turan” Beynəlxalq Fondu əməkdaşlığı genişləndirir
Bakı, 25 iyun, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənədi Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və “Macar-Turan” Beynəlxalq Fondunun prezidenti Andraş Biro imzalayıblar.
Memorandumda Azərbaycan Diasporuna Dəstək Fondu və “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması, birgə layihələrin hazırlanması və icra edilməsi nəzərdə tutulur. Memoranduma xaricdə yaşayan icmaların dəstəklənməsi üçün təşkilati fəaliyyətin formalaşdırılması, təkmilləşdirilmiş strategiyaların tətbiqi, müxtəlif proqram və tədbirlərə dair ictimai məlumat bazasının yaradılması, türk xalqlarının Beynəlxalq Qurultaylarının təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə birgə əməkdaşlıq daxildir.
Sonda “Macar-Turan” Beynəlxalq Fondunun prezidenti Andraş Biroya Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə çap edilmiş “Azərbaycan musiqisinin inciləri”, digər kitablar və disklər hədiyyə edilib.
Qeyd edək ki, Macar-Turan Beynəlxalq Fondunda Türk dünyasının tarixi ilə bağlı tədqiqatlar aparan akademiklər, tədqiqatçılar fəaliyyət göstərirlər. Fondun üzvləri Türk dünyasının tarixini öyrənir və türk xalqlarının yaşayış tərzini, Qərbə gələrkən istifadə etdikləri yol xəritələrini, mövcud tayfaları, onların bir-biri ilə qohumluq əlaqələrini araşdırırlar. Qədim türk adətlərinin qorunması Fondun diqqət yetirdiyi əsas məqamlardandır.
Köln şəhər bələdiyyəsində Almaniya Azərbaycanlıları Alyansı ilə əməkdaşlıq müzakirə olunub
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Sloveniyada ahıllar evində Azərbaycana dair təqdimat keçirilib
Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib
Komitə sədri: Diaspor təşkilatları Azərbaycanın milli maraqları naminə səylərini birləşdirməlidir