×
A
A
A
Sazlamalar

Türkoloqlar Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

Astana, 24 iyun, AZƏRTAC

Bişkekdə “Divanü lügat-it-türk”ün 950 illiyi: türk dünyasının ortaq irsi” mövzusunda konfrans keçirilib. AZƏRTAC bu barədə Türk Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir.
Tədbirdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkiyədən olan iştirakçılar müəllifin tərcümeyi-halı, “Divanü lügat-it-türk”ün tərtibinin məqsədləri, əsərin dili, ədəbi materiallar, bu əsərdə yer alan tarixi və etnoqrafik məlumatlar kimi elmi məsələləri müzakirə ediblər.
“Divanü lügat-it-türk”ün tərcümə və tədqiqinə, onun türk dilləri tarixinin, müasir dialektlərin, ədəbiyyatın, etnoqrafiyanın, müqayisəli dilçiliyin və leksikoqrafiyanın öyrənilməsi üçün əhəmiyyətinə xüsusi diqqət yetirilib.
Konfransın açılışında Türk Akademiyasının prezidenti Şahin Mustafayev Mahmud Kaşğarinin “Divanü lügat-it-türk” əsərinin əhəmiyyətini qeyd edərək, türk xalqlarının və tayfalarının ictimai quruluşunu, coğrafiyasını, həyat tərzini, inanclarını, mifologiyasını və xalq ədəbiyyatını əhatə edən, XI əsrdə yazılmış əsərin türk xalqlarının ensiklopediyası olduğunu vurğulayıb.
Ş.Mustafayev vurğulayıb ki, “Divanü lügat-it-türk” əsəri türk dövlətləri və xalqları arasında inteqrasiyanın elmi-mədəni əsaslarının təmin edilməsi kontekstində mühüm əhəmiyyət kəsb edir.
Konfrans iştirakçılara fikir mübadiləsi və Mahmud Kaşğari irsinin dərin müzakirəsi üçün platforma təqdim edərək, interaktiv müzakirələr və təqdimatlar formatında keçirilib.
İştirakçılar tədbirin türk dövlətləri arasında elm və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Elm və təhsil 2024-06-24 23:48:00