Türkər Əliyeva: Mediasiya tərəflərə mübahisələri daha qısa müddətdə həll etməyə imkan yaradır
Bakı, 24 iyun, AZƏRTAC
Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun köməyi ilə öz mövqeləri barədə daha fərqli baxış qazanmaqla, mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Etiraf edək ki, mediasiya cəmiyyətimiz üçün yeni anlayışdır. Ölkəmizdə 2021-ci ildən tətbiq edilən bu sistem maraqla qarşılanır. Peşəkar mediator Türkər Əliyeva mediasiyanın üstünlükləri, vətəndaşların mediasiya prosesindəki hüquq və vəzifələri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Türkər xanım, mediasiya nədir və mübahisələrin mediasiya yolu ilə həlli bizə nə qazandırır?
- Mediasiya tərəflər arasında yaranmış mübahisənin mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunmuş prosesdir. Mübahisə mediasiya yolu ilə həll olunduqda artıq məhkəməyə müraciət etməyə ehtiyac olmur. Mediasiya məhkəmə çəkişməsinə ən yaxşı alternativdir. İlk növbədə onu qeyd edim ki, mediasiya məhkəmə prosesi kimi rəsmi şəkildə keçirilmir. Biz üçüncü tərəf kimi vətəndaşları dinləyir, problemə onların gözü ilə baxmağa çalışırıq. Vətəndaşlar mediatoru özlərindən biri kimi bilməlidirlər. Mediasiyaya müraciət etməklə vətəndaş əlavə maliyyə yükündən və vaxt itkisindən azad olur. Demək olar ki, bəzən uzun illər davam edən problemi bir saat ərzində həll edə bilirik. Vətəndaşlar stresdən uzaq mühitdə sakit bir şəkildə mübahisələrini bizim vasitəmizlə həll edib razılığa gəlirlər. Müşahidə edirəm ki, vətəndaşlar məhkəmə proseslərindən çəkinir, hətta qorxurlar. Mediasiyanı tanıtmaqda məqsəd odur ki, mediasiyanı məhkəmə ilə qarışdırmasınlar, rahat olsunlar, öz problemlərini bizimlə həll etməkdən çəkinməsinlər.
- Siz mediator olaraq tərəfləri necə razılığa gətirirsiniz? Barışığın əldə edilməsinə hansı metodlarla nail olursunuz?
- Vətəndaşların problemləri, eyni zamanda, həmin problemlərin həlli üsulları fərqli olur. Düşünürəm ki, hər şey mediatordan asılıdır. Mediatordan təkcə mediasiya texnikalarını tətbiq etmək deyil, eyni zamanda, insanların psixoloji vəziyyətini düzgün dəyərləndirmək bacarığı tələb olunur. Gərək tərəfləri başa düşəsən, onlarla qarşılıqlı güvəni təmin edəsən. Mən insanlarla dəfələrlə danışıram, onları razı salmağa çalışıram. Tərəflərə bildirirəm ki, əgər siz boşanmaq istəmirsinizsə və ya hansısa probleminizin həll olunmasını istəyirsinizsə, onda mediasiyada mütləq iştirak etməlisiniz, əks təqdirdə bu iş məhkəməyə gedəcək. Bizim işimiz elə işdir ki, gərək insanları başa düşəsən, onlarla qarşılıqlı güvəni təmin edəsən. Bir sözlə, mediasiya masası arxasında insanları dinləməyi bacarmaq lazımdır. Mən də peşəmi düzgün yerinə yetirmək və tərəflər arasında barışıq əldə etmək, onları məmnun etmək üçün ilk növbədə mediasiya barədə məlumat verirəm. Daha sonra onlarla psixoloji söhbət aparır və tərəflərin etimadını qazandıqdan sonra artıq mübahisənin həlli yollarını açıqlayıram. Bu zaman çalışıram ki, mübahisənin həlli hər iki tərəf üçün də uyğun olsun. Məhz bu metodlarla bir çox işlərimizdə barışıq əldə etmişik.
- Barışıq sazişi necə icra olunur və tərəflərin hansı öhdəlikləri var?
- Barışıq sazişi üçtərəfli müqavilə ilə icra olunur. Bu saziş tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Məsələn, tərəflər boşanmaq istəyirlər. Biz bu zaman alimentin alınması, uşağın anada qalması, uşağın ölkədən çıxışı, ata ilə sərbəst görüşü və s. məsələləri mediasiya yolu ilə həll edirik. Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır. Sonra barışıq sazişi tərəflərə təqdim edilir. Sənədin təsdiqi üçün mütləq məhkəməyə üz tutub təsdiqlətmək lazımdır. Barışıq sazişi könüllü icra edilməlidir. Bu sazişdə mediator mübahisənin predmetini, tərəflərin razılaşdığı şərtləri dəqiq şəkildə göstərməli, onları tərəflərə izah etməlidir.
- Mediasiya prosesinə hansı hallarda daha çox müraciət oluna bilər?
- Qanunvericiliyə uyğun olaraq ailə, əmək və kommersiya mübahisələrində ilkin mediasiya nəzərdə tutulub. Bu o deməkdir ki, mübahisə tərəflərinin məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət etməsi məcburidir. Əks halda mübahisə üzrə iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilməyəcək.
Bu gün ailə münaqişələri dünyada vasitəçiliyin ən çox tətbiq olunduğu sahələrdən biridir. Ailə vasitəçiliyi, ailənin dağılmasından yaranan mübahisələrin həlli üçün - uşaqların yaşayış yerinin müəyyən edilməsi, onların saxlanması və tərbiyəsində valideynlərin hər birinin iştirakı, uşaqlarla valideynlərin və digər qohumların ünsiyyəti, birgə əldə edilmiş əmlakın bölünməsi və sairə məsələlərin tərəflərin əməkdaşlığı ilə həllində istifadə olunur. Mediasiya prosesinə müraciətlərin əksəriyyəti nikahın pozulması və alimentlə bağlıdır. Növbəti yerdə əmək mübahisələri dayanır. Qeyd edim ki, aprel, may, iyun aylarında barışıq sazişlərinin sayına görə yüksək nəticə göstərərək birinci yerə yüksəlmişəm.
- Türkər xanım, mediator mediasiya prosesində konfidensiallığı necə təmin edir?
- Mediasiya prosesində konfidensiallıq proses zamanı gizliliyin və məxfiliyin qorunmasıdır. Ümumiyyətlə, mediasiya prosesləri tərəflərin əlavə şərti və ya istəyi olmadığı təqdirdə qapalı şəkildə keçirilir. Bununla yanaşı, mediasiya prosesində iştirak edən tərəflər də yuxarıda nəzərdə tutulan məlumatların konfidensiallığını qorumalıdır. Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən konfidensiallıqla bağlı qaydaların pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Görüş zamanı mediatordan başqa kiminsə iştirakına tərəflər razılıq verməlidirlər və kənar şəxslərin iştirakı etibarnamə əsasında həyata keçirilir.
- Azərbaycanda mediasiya sisteminin inkişafı ilə bağlı fikirləriniz maraqlıdır.
- Mediasiya institutunun bizim üçün yeni olduğunu nəzərə alıb deyə bilərik ki, Azərbaycan hüquq sistemində mediasiya layiqli səviyyədə inkişaf etməkdədir. Burada aparılan çoxşaxəli fəaliyyətin məntiqi nəticəsini görməkdəyik. Bütün ölkə üzrə mediasiya təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirirəm. Biz bir-birimizə rəqib gözü ilə baxmırıq, əl birliyi ilə vətəndaşlara xidmət etməyə çalışırıq.
- Sizcə insanlar nə üçün məhkəməni yox, mediatoru seçməlidirlər?
- Məhkəmədə aylarla davam edən proseslər var. Əmək, kommersiya mübahisələri bəzən illərlə davam edir, bəzən isə işə xitam verilir. Mediasiyada isə hətta kommersiya işlərində də razılıq əldə edə bilirik. Azərbaycanda yeni tətbiq edilən Mediasiya İnstitutu barədə deyə bilərəm ki, bu institut, ilk növbədə, insanlara bir-birini dinləmək və aralarındakı məsələləri hüquqi müstəviyə qalxmadan həll etməyə imkan verir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara qiymət verərək Azərbaycan Respublikası adından qətnamə qəbul edir və bu qətnamənin icrası məcburidir. Amma mediasiyada tərəflər danışaraq ortaq məxrəcə gəlir, öz problemlərini özləri həll edirlər.
- Son olaraq oxucularımıza nə demək istərdiniz?
- Nə problemləri olursa-olsun mediasiyaya müraciət etsinlər. Çünki mediasiya həll yoludur. Ən çox da doğru mediatoru seçmək mütləqdir. Araşdırsınlar, baxsınlar ki, müraciət etdikləri mediator onların problemini həll edə biləcəkmi? Ümumiyyətlə heç vaxt heç kimdən küsülü qalmasınlar ki, həyatda barışıqlar çox olsun.
Mediator Türkər Əliyeva 050 511-54-44.
Sabiq diplomat BAMF-ın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçilib
Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə COP29-un nəticələri müzakirə edilib
Ədliyyə naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib