Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar “Ordun varsa, yurdun var” mövzusunda dəyirmi masa təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi 106 illik şərəfli yoldan geniş bəhs edib, diqqəti son dörd ilin qürurverici məqamlarına, müstəqillik tariximizə yazılan Zəfər səhifələrinə yönəldib.
Bildirilib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində yaradılan möhkəm təməl bugünkü uğurlarımızı şərtləndirib. Azərbaycanın müstəqilliyi, torpaqlarının azadlığı uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının hər biri qəhrəmanlıq dastanı yazaraq şəhidlik zirvəsinə ucalıblar. Onların qəhrəmanlıq yolu indiki və gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov artıq dörd ildir böyük Zəfərin sevincini yaşadığımızı bildirib. “Biz inanırıq ki, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq”, - deyə o əlavə edib.
Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev bildirib ki, “XXI əsr müharibəsi” adlandırılan İkinci Qarabağ müharibəsində nə qədər müasir silahlardan, yüksək texnologiyalardan istifadə olunsa da, bu gün qürurla qeyd etdiyimiz Qələbəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan oğulları qazandılar. Ən ağır döyüşlərin getdiyi anda belə əsgərlərin, şəxsi heyətin əhvali-ruhiyyəsi, döyüş əzmi zəifləmədi, əksinə, çətin ərazi relyefinə malik rayonlarımızın düşmən işğalından azad olunduğu günlərdə onların sevincini, keçirdikləri hissləri sözlə ifadə etmək çox çətindir.
Vətən müharibəsi qaziləri Məhəmməd Haqverdiyev və Vüsal Həsənov çıxışlarında qeyd ediblər ki, tarixi Zəfərimiz Azərbaycan dövlətinin ordu quruculuğu istiqamətində atdığı addımların, xalqımızın birliyinin, həmrəyliyinin, torpaq, Vətən sevgimizin göstəricisi oldu. Bu gün başımız uca, alnımız açıqdır. İşğaldan azad edilmiş torpaqlarda dalğalanan Bayrağımız bizim milli kimliyimiz, qürurumuzdur.
2 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, Vətən müharibəsi iştirakçısı Ceyhun Əliyev Qələbə münasibətilə orden və medalların təsis edilməsindən danışıb. Bildirib ki, bu mühüm addım, Qələbənin əbədiləşdirilməsi iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür.
YAP fəalı Afət Novruzova tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin sevincindən, Qələbənin doğurduğu qürur hissindən danışaraq bunun üçün dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarlığını bildirib.
Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub VİDEO
Əlilliyi olan 11 gənc təcrübə proqramında iştirak etmək üçün Türkiyəyə göndərilib
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib
Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb