İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk “Məzun günü”
Sumqayıt, 24 iyun, AZƏRTAC
İyunun 24-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq “Məzun günü” keçirilib.
Tədbirdə tələbələrlə yanaşı, onların ailə üzvləri, Mərkəzin müəllim və işçi heyəti, eləcə də dövlət və özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Peşə Təhsil Mərkəzinin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
“Məzun günü”nün təşkil olunmasının əsas məqsədi məzunlarla əlaqələri daha da genişləndirmək, müvəfəqiyyətli məzunların nümunəsində onları gələcək uğurlara ruhlandırmaq, tələbələrin təhsilə marağını artırmaq və onların mərkəzin ictimai həyatında fəal iştirakını təmin etməkdən ibarətdir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov əlamətdar və sevincli gün münasibətilə bütün məzunları, onların valideynlərini, eləcə də müəllim heyətini təbrik edib və ən xoş arzularını çatdırıb.
Bildirilib ki, bu il Peşə Təhsil Mərkəzini 10 ixtisas üzrə 114 tələbə bitirir. Mərkəz tərəfindən tələbələrə iş tapmalarında daim dəstək göstərilib, 70 faizdən çox tələbə müxtəlif sahələrdə işlə təmin edilib.
Həmçinin 2024-2025-ci tədris ili üzrə Peşə Təhsil Mərkəzinə qəbul yerlərinin sayı 3 dəfədən çox artırılaraq 600 nəfər tələbəyə çatdırılıb. Bu il qəbul 13 ixtisas üzrə həyata keçiriləcək. Mərkəzə qəbul olan tələbələr həm dövlət hesabına, həm də ödənişli əsaslarla təhsil ala bilərlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər. Qəbul müsahibə yolu ilə aparılır. Müsahibədə orta və tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Yüksək texniki peşə təhsilini müvəfəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edirlər.
Eyni zamanda, diqqətə çatdırılıb ki, ölkəmizdə keçiriləcək COP29 çərçivəsində ilk dəfə olaraq peşə təhsil sistemində yeni ixtisas (Alternativ enerji qurğu və avadanlıqlarının istismarı) yaradılıb ki, bu ixtisas üzrə də İZİA-nın Peşə Təhsil Mərkəzinə 2 qrup üzrə 40 tələbənin qəbulu nəzərdə tutulur.
Qeyd edilib ki, İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Peşə Təhsil Mərkəzində ikili diplom proqramından istifadə olunacaq. İlkin mərhələdə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisası üzrə təhsil alan tələbələr bu proqramdan faydalanacaqlar.
Tədbirdə tələbələrin ifasında rəqs nömrələri nümayiş olunub, şən mahnılar və şeirlər səsləndirilib.
Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub
11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO
Qazaxda 31 yaşlı kişi itkin düşüb
Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO