×
A
A
A
Sazlamalar

Lənkəran gəncləri Qərbi Azərbaycan həqiqətləri mövzusunda məlumatlandırılıblar

Lənkəran, 21 iyun, AZƏRTAC

İyunun 21-də Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti məlumatlandırıcı sessiya Lənkəranda təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş iştirakçılarını salamlayan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Davud Abbasov layihənin məqsədi haqqında məlumat verərək, regionlarda gənclərlə davamlı olaraq keçirilən görüşlərin Qərbi Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılmasındakı əhəmiyyətini vurğulayıb.
Çıxış edən QAİ-nin Ağsaqqallar Şurasının üzvü Abbasəli Həsənov Qərbi Azərbaycandan kütləvi şəkildə deportasiya olunmuş şəxslərin sülh yolu ilə, təhlükəsiz şəkildə geri qayıtmaları məsələsinin beynəlxalq gündəliyə gətirilməsi və soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə bərpası üçün Qərbi Azərbaycan İcması tərəfindən sistemli iş aparıldığını diqqətə çatdırıb. A.Həsənov, həmçinin gənclərin bu istiqamətdə maarifləndirilməsi və proqram əsaslı fəaliyyətlərinin təşkilinin xüsusilə vacib olduğunu vurğulayıb.
QAİ-nin gənclərlə iş üzrə məsul əməkdaşı Anar İrzaquliyev Qayıdış konsepsiyasının müddəaları, Qərbi Azərbaycan İcmasının strukturu və fəaliyyət istiqamətləri, İcma tərəfindən görülən işlər barədə danışaraq, Qərbi Azərbaycanın həqiqətlərini, tarix və mədəniyyətini özündə əks etdirən təqdimat nümayiş etdirib.
Layihə Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlıların öz doğma yurdlarına qayıtması hüququnun, insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətinin, xüsusən də gənclərin bu amal uğrunda səfərbər edilməsi məqsədilə həyata keçirilir və görüşlərin digər regionlarda da təşkili nəzərdə tutulur.

Regionlar 2024-06-21 14:56:00