×
A
A
A
Sazlamalar

Ləman Cəlilova - Massaçusets Texnoloji İnstitutunun ilk azərbaycanlı məzunu

Bakı, 21 iyun, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanın gənc istedadları haqqında məqalələr silsiləsini davam etdirir. Budəfəki həmsöhbətimiz dünyanın ən mötəbər ali təhsil ocaqlarından biri olan Massaçusets Texnoloji İnstitutunu bu yaxınlarda yüksək nəticələrlə bitirmiş Ləman Cəlilovadır. O, həmçinin Fransa-Azərbaycan Universitetinin (UFAZ) bakalavrıdır. Burada təhsilini başa vurduqdan sonra Birləşmiş Ştatlara yollanıb. Massaçusets Texnoloji İnstitutunun ilk azərbaycanlı məzunu olan Ləman bu təhsil ocağında tam təqaüdlə təhsil alıb.

Ləman Bakıda 6 nömrəli məktəb-liseydə oxuyub. İstedadlı qız həmişə dəqiq elmlərə böyük maraq göstərib. Riyaziyyatı sevdiyini deyən Ləman əlavə edir ki, bunun əksinə olaraq, kimya fənnindən heç vaxt xoşu gəlməyib. “Elə bu səbəbdən də indiyədək ətrafımdakı insanlara kimya və kimya mühəndisliyi arasında fərqi izah edirəm, çünki bunlar ayrı-ayrı elmlərdir”, -deyə gənc qız vurğulayır.
Məktəbi bitirən Ləman 680 bal nəticə ilə Strasburq Universiteti ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinə daxil olur və burada kimya mühəndisliyi ixtisası üzrə təhsil alır. O deyir: “Təhsil ingilis dilində aparılırdı, biz, həmçinin fransız dilini öyrənirdik ki, bu da böyük şans idi. Universiteti bitirdikdən sonra iki diplom aldım; biri yerli, ikincisi isə Massaçusets Texnoloji İnstitutuna ərizə verərkən istifadə etdiyim Strasburq Universitetindən”.
Bakalavr təhsilinin dördüncü ilində Ləman da bir çox qrup yoldaşları kimi əlavə təhsil almaq üçün müxtəlif universitetlərə müraciət edib. Həmsöhbətimiz müraciət etdiyi beş universitetin hamısına (onların arasında Kembric Universitetində, İmperator Kollecində, ETH Sürixdə magistr dərəcəsi və Mayami Universitetində Aerokosmik mühəndislik şöbəsində doktorluq dərəcəsi var idi) qəbul olunsa da, şərtlərə görə Massaçusets Texnoloji İnstitutunu seçib.
Ləman xatırlayır: “Bizim inanılmaz dərəcədə böyük kampusumuz var, burada kitabxanada imtahanlara hazırlaşmaqdan tutmuş universitet pavilyonunda yelkənli idman dərslərinə qədər hər cür fəaliyyətlə məşğul ola bilərsiniz. Təhsilə gəlincə, hesab edirəm ki, universitetin son on üç ildə dünyanın ən yaxşı texniki universitetləri siyahısında birinci yerdə olması onun yüksək səviyyəsinin sübutudur. Özünüzü yüksək standartlara malik insanlarla əhatə etmək də vacib idi ki, siz də nəyəsə nail olasınız”.
Maraqlıdır ki, Ləman təqaüd üçün ayrıca ərizə verməsə də, ona təqaüdlə bərabər universitetdən dəvət gəlib. Həmsöhbətimizin sözlərinə görə, Avropadan fərqli olaraq, ABŞ-da bakalavr dərəcəsindən dərhal sonra magistratura pilləsini atlayaraq doktorantura təhsili almaq adətdir. Buna görə də, bu ölkədə tam təqaüdlə magistr dərəcəsi proqramları olduqca azdır.
Ləman qeyd edir: “İstərdim ki, mümkün qədər çox azərbaycanlı tələbə dünyanın qabaqcıl universitetlərinə tam təqaüdlə daxil olsun. Zaman keçdikcə, öz təcrübənizdən başa düşürsünüz ki, əsas amil cəhd etmək və ruhdan düşməməkdir. Uğursuzluq ehtimalı həmişə var, lakin bu da bir ibrət dərsidir”.
İnsanlar Ləmanın mötəbər instituta daxil olduğunu öyrəndikdə, ona Massaçusets Texnoloji İnstitutuna necə qəbul olmaqla bağlı sual verirdilər, tələbələrdən, valideynlərdən və müəllimlərdən çoxlu mesaj gəlirdi. O deyir: “Bu suala heç kim cavab verə bilməz. Universitet ərizələrin fərdi qiymətləndirilməsi əsasında tələbə qəbul edir. Onların internet saytına baxsanız belə, ingilis dili sertifikatından başqa heç bir ciddi tələb tapa bilməzsiniz. Bunun səbəbi hər bir tələbənin fərqli olmasıdır, professorlar və müraciətlərin baxılması komitələri üçün hekayənizi dinləmək və ərizənizi əvvəlcədən müəyyən edilmiş akademik meyarlar əsas deyil, onlar peşəkar və şəxsi nailiyyətlərinizin birləşməsinə əsaslanaraq qiymətləndirmə aparırlar. Müraciət edərkən portfelimin bütün elementlərini bir yerdə toplamağa çalışdım. Buraya üç tövsiyə məktubu, motivasiya məktubları və esselər, dil sertifikatları, qiymətlər olan transkripsiya, tərcümeyi-hal və tələb olunan digər sənədlər daxil idi”.
Ləmanın sözlərinə görə, Massaçusets Texnoloji İnstitutunda təhsil sistemi kifayət qədər intensivdir və digər fəaliyyətlərə çox vaxt qalmır. İmtahandan kəsildiyinə görə təhsil müddətini uzatmalı olan tələbələr də var idi. “Burada bütün tələbələr sual verməkdən çəkinməyən mütərəqqi və pozitiv düşüncəyə malik yorulmaz gənclərdir. Ev tapşırığını vaxtında yerinə yetirməyən və ya imtahanda kimisə aldatmaq barədə düşünə bilən tələbə xatırlamıram. Bütün institutda elə bir mədəniyyət var ki, hər kəs öz biliyinə güvənir, ən azı ona görə ki, bilik almadan, gələcəkdə yüksək ixtisaslı mütəxəssis ola bilməyəcək”, -deyə gənc qız vurğulayır.
Ləman tələbələrin Massaçusets Texnoloji İnstitutunda biznes məktəbi kimi fəaliyyət göstərən digər şöbələrdən və hətta onun yaxınlığında yerləşən Harvard kimi yaxın universitetlərdən də dərs seçə bilməsini çox bəyəndiyini deyir.
Həmsöhbətimiz qeyd edir: Bizim üçün orada ən vacib amil öyrənmək bacarığı idi. Bu, mənim mənimsədiyim ən mühüm keyfiyyətdir; kifayət qədər səy göstərsəniz, çox qısa müddət ərzində çox şeylər öyrənə bilərsiniz”.
Ləmanın dediyi kimi, 2022-ci ildə kimya mühəndisliyi kursu üçün qəbul vaxtı təxminən 50 nəfərlik tələbəlik qrupun təxminən yarısı əcnəbilər idi, Asiya ölkələrindən, xüsusən də Çin və Hindistandan, habelə Nigeriya, Səudiyyə Ərəbistanı, Kanada və digər ölkələrdən də tələbələr var idi. Həmsöhbətimizin sözlərinə görə, onun qrup yoldaşları ilə münasibətləri də yaxşı olub. Tələbələr birlikdə çoxlu vaxt keçirirdilər, ev tapşırıqları üzərində işləyir və ya universitet idman turnirlərində eyni komandada oynayır, gəzintilərə çıxırdılar.
Ləman deyir: “Mən son semestri “Təcrübə məktəbi” adlanan təhsil ocağında keçirdim. Bu, bizim institutda yüz ildən artıq davam edən bir proqramdır və onun mahiyyəti ondan ibarətdir ki, tələbələr professorların təyin etdiyi müxtəlif şirkətlərdə semestr boyu texniki məsləhətçi kimi çalışırlar. Hyustonda “Shell” və Dubayda “Emirates Global Aluminium” üçün dörd fərqli layihə üzərində işləmək imkanım oldu. Biz buradan yeddi fərqli ölkədən yeddi tələbədən ibarət nümayəndə heyəti ilə getdik. Hyuston və Dubayda birlikdə olduğumuz tələbə qrupu ilə daha da yaxınlaşdıq, çünki biz daimi komandalarda işləyirdik və bütün həftə sonlarını birlikdə keçirirdik”.
Hazırda Ləman Almaniya parlamentinin “Yaşıllar” partiyasının deputatlarından birinin Bundestaqdakı ofisində IPS - Beynəlxalq Parlament Təqaüdü proqramı çərçivəsində təcrübə keçir.
Gənc qız deyir: “Bu, mənim üçün tamamilə yeni bir təcrübədir, çünki buradakı təcrübə prosesi siyasətlə bağlıdır və sırf alman dilində aparılır. Eyni zamanda, bu, dil biliklərini təcrübə vasitəsilə möhkəmləndirmək üçün yaxşı şansdır. Ümumilikdə, proqramda 42 ölkədən 96 nəfər iştirak edir, Azərbaycandan üç nəfərik. Ölkəni belə bir beynəlxalq proqramda, həm də Bundestaqda təmsil etmək çox xoşdur”.
Gələcəklə bağlı planlarından danışan Ləman qeyd edir ki, o, son iki ildə Boston, Hyuston, Dubayda yaşayıb və hazırda Berlindədir. İndi isə qız bir şəhərdə qalıb işləmək istəyir və onun üçün daha yaxşı variant məhz Bakıdır.
Gənc qız əlavə edir: “Gənc nəslin nöqteyi-nəzərindən deyə bilərəm ki, ölkədə bizim üçün geniş imkanlar var, çünki çoxlu sayda strateji əhəmiyyətli layihələr həyata keçirilir. Təbii ki, bunların arasında Qarabağın yenidən qurulması və inkişafı xüsusi yer tutur. Digər sektorlar da cəlbedicidir, məsələn, hazırda Azərbaycanda getdikcə daha mütərəqqi şəkildə tətbiq olunan rəqəmsallaşma, peyk sənayenin inkişafı, təhsil sektorunda yeni yanaşmalar, gənclər üçün yaradılan saysız-hesabsız imkanlar, əlbəttə ki, enerji sektoru və daha bir çox sahələr. Bu, məni sevindirməyə bilməz, çünki gənc mütəxəssis kimi nəinki inkişaf edəcəyim, həm də özümü təkmilləşdirəcəyim və öyrənə biləcəyim bir yerdə işləmək mənim üçün vacibdir”.
Ləman hələ sırf elmi karyerasını davam etdirməyi planlaşdırmır və özünü konsaltinq sahəsində sınamaq istəyir. Həmsöhbətimizin sözlərinə görə, bu istiqamət onu öz dinamikliyi, müxtəlif sənaye sahələrinə aid bacarıqlardan istifadə etmək imkanı, eləcə də yeni biliklər əldə etmək imkanı, həm müəyyən texniki bacarıqlar, həm də əvəzolunmaz ünsiyyət bacarığı ilə cəlb edir.
İstedadlı qız sonda qeyd edir: “Məni həm özəl sektor, həm də dövlət strukturları maraqlandırır, bizdə texniki profili olan adamdan bunu nadir hallarda eşitmək olar. Həmişə yeni çağırışlara və maraqlı layihələrə açıq olmağa çalışıram. Həm də mümkün qədər çox dil öyrənmək və dünyanın müxtəlif şəhərlərinə və guşələrinə səyahət edərək daha çox mədəniyyətlə tanış olmaq istərdim”.

Elm və təhsil 2024-06-21 12:55:00