×
A
A
A
Sazlamalar

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mərasimdə hərbi qulluqçular Mübariz İbrahimovun məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Anma mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, M. İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, Mübariz İbrahimovun göstərdiyi rəşadət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Ordu 2024-06-18 14:51:00