×
A
A
A
Sazlamalar

“Baku Piano Festival” çərçivəsində ədəbi müsabiqəyə yekun vurulub

Bakı, 18 iyun, Anara Axundova, AZƏRTAC
“Landmark Baku”da “Fortepiano üçün etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, III “Baku Piano Festival”ı çərçivəsində keçirilən müsabiqədə münsiflər heyətinin üzvləri – Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aleksandr Xakimov, “NG Creators Club”un direktoru Natiq Əliyev və “Baku Piano Festival”ın media əlaqələndiricisi Rüstəm Hüseynov iştirakçıların əsərlərini qiymətləndiriblər.
Müsabiqənin məqsədi ədəbi əsərdə canlı musiqi obrazı yaratmaq və ədəbiyyatda musiqi mövzusunu populyarlaşdırmaq olub. Tədbir zamanı münsiflər heyəti müsabiqə iştirakçılarının bəyəndikləri əsərləri qeyd edib, onların seçim meyarlarından danışıb, bütün iştirakçılara nailiyyətlər və yaradıcılıq uğurları arzulayıblar.
Müsabiqənin qalibi “Qiymət” hekayəsi ilə Alisa Orexova olub. İkinci yerə Arzu Manaflı, üçüncü yerə və tamaşaçı mükafatına isə Mehdi Əli layiq görülüb.
Müsabiqənin təşəbbüskarı Rüstəm Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində tədbirin əhəmiyyətini vurğulayıb.
“Ədəbi müsabiqə ideyasının yaranması təsadüfi deyildi. İstər musiqi, istərsə də ədəbiyyat vasitəsi ilə insanları ruhlandıran, onlara dəstək olan, onların ideya və yaradıcılıq potensialını qidalandıran güclü obrazlar yaratmaq olar. Niyə iki yaradıcılıq janrını birləşdirib festivalın bir hissəsi kimi sınamayaq? İndi nəticələrə baxanda sevinirəm ki, bu ideya gerçəkləşdi, bir neçə maraqlı və ruhlandırıcı əsər yaradıldı, müsabiqənin bütün iştirakçıları öz ədəbi istedadını nümayiş etdirmək üçün stimul və fürsət əldə etdilər. Bu, xüsusilə təcrübəsi az olan müəlliflər üçün faydalıdır. Bu müsabiqə göstərdi ki, yaratmaq istəyini və öz nəticələrini reallaşdırmaq arzusunu nə müddətin qısa olması, nə də yüksək tələblər dayandıra bilməz. Finalda yaxşı işlərimiz oldu, amma onlar janr və süjet baxımından tamamilə fərqli idi və bu, gözəldir. Ümid edirəm ki, bu müsabiqə Azərbaycan ədəbiyyatının gələcək klassiklərinin bəziləri üçün əlamətdar hadisə olacaq”, -deyə Rüstəm Hüseynov qeyd edib.
İyunun 16-dan 29-dək paytaxtda üçüncü Bakı Piano Festivalı keçirilir. Bakılılar və şəhərin qonaqları müxtəlif ölkələrin virtuozlarının musiqi konsertlərindən ibarət zəngin proqramlardan zövq alacaqlar. Bundan əlavə, festival çərçivəsində filmlərin nümayişi, bədii tədbirlər və teatr tamaşaları da nəzərdə tutulub.

Mədəniyyət 2024-06-18 13:22:00