×
A
A
A
Sazlamalar

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Lənkəran, 16 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəranın Şıxakəran kənd qəbiristanlığında yerləşən Şeyx Zahid türbəsi əhalinin uzun illərdən bəri xüsusi inam və ehtiram bəslədiyi müqəddəs ziyarətgahlardandır. Türbə XIII əsrdə yaşamış böyük sufi alimi Şeyx Zahidin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, dövrünün tanınmış ziyalısı, filosof, müəllim və şair olan Şeyx Zahidin əsl adı Tacəddin İbrahimdir. Tarixçi-tədqiqatçı İldırım Şükürzadə deyir ki, o, 1215-ci ildə Lənkəranın Siyəvurd- indiki Siyavar kəndində Şeyx Rövşən Əmirin ailəsində dünyaya göz açıb. Şeyx Zahid Səfəvilərin ulu babası Şeyx Səfiəddinin mürşidi-müəllimi olub. İki dəfə evli olan Şeyx Zahidin bu evliliklərdən 4 övladı dünyaya gəlib. İyirmi dörd yaşında Lənkərana gələrək Şeyx Zahiddən dərs alan Şeyx Səfiəddin onun qızı Bibifatimə ilə evlənib. Səfəvilər Şeyx Zahidin nəslindən hesab olunur.
“Şeyx Səfiəddin də Səfəvilər dövlətinin banisi sayılan Şah İsmayıl Xətainin böyük babası sayılır. Şeyx Zahid 1300-cü ildə vəfat edib və Siyavar kəndində dəfn olunub. Bu kənd dəniz sahilində yerləşdiyindən subasmadan qorumaq üçün onun qəbrini 1906-cı ildə qonşu Hiləkəran kəndinə köçürüblər. Sonradan o kənd Şeyx Zahid orda dəfn olunduğu üçün Şıxəkəran adlandırılıb”, - deyə tarixçi bildirir.
Şıxəkəran talış dilində Şıxəkon, yəni “şeyx evləri” deməkdir. Böyük irfan alimi Şeyx Zahid türk, fars ərəb, gilək, talış və qədim pəhləvi dillərini də mükəmməl bilib. Qədim mənbələrə görə o, talış və gilək dillərində şeirlər yazıb. Şeyx Zahid fəlsəfi fikir tarixində müstəsna rol oynayan böyük şəxsiyyət olmaqla yanaşı, həm də xeyirxah əməllər sahibi olub. İnam və ehtiram əlaməti olaraq Şeyx Zahidin qəbri ziyarətgaha çevrilib.
Türbənin mütəvəllisi Seyidəmir Məmmədovla söhbət zamanı bildirib ki, bu kəndin tarixi qədimdir: “Bu ziyarətgahın çox böyük əhəmiyyəti var. Bura ziyarətçilər gəlir, əlbəttə çox uzaq yerlərdən gəlirlər. Hətta Naxçıvandan və Bakıdan gələnlər olur”.
Şeyx Zahid Türbəsi Nazirlər Kabinetinin qərarına əsasən, XIX əsr yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Regionlar 2024-06-16 15:00:00

Video