×
A
A
A
Sazlamalar

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Şuşa, 16 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Şuşa sakinləri 32 ildən sonra ilk dəfə Qurban bayramını doğma yurdlarında qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri Şuşa şəhərində Əliyevlər ailəsinin qonağı olub, bayram təəssüratlarını öyrənib.
Ailə başçısı Şahin Əliyev deyib: “16 yaşımda Şuşa şəhəri işğal olundu və doğma yurdumuzdan köçkün düşdük. 32 illik köçkünlük dövründə ən böyük arzum Vətənimə dönmək idi. Bugünkü günümüzə şükürlər olsun. Şuşamız Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti ilə azad olundu. Uşaqlığımın keçdiyi doğma şəhərimə ailəmlə - həyat yoldaşım və iki övladımla qayıtmışıq. Yeni yaşayış kompleksində üçotaqlı mənzillə təmin edilmişik. Bu gün də bayram münasibətilə qurbanlar kəsildi, hər bir ailəyə qurban payı verildi. Allah dövlətimizi, ordumuzu qorusun. Bütün Azərbaycan xalqını, bütün müsəlman dünyasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm”.
Ailənin xanımı Gülər Əliyeva doğma yurda qayıtdıqları, ən böyük istəklərinə çatdıqları üçün özünü xoşbəxt hiss etdiyini bildirib: “Sevincimizin həddi-hüdudu yoxdur. Ən böyük arzumuza çatmışıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Çox xoşbəxtik ki, bu gün Qurban bayramını doğma yurdumuzda qeyd edirik”.
Xatırladaq ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə qurbanlar kəsilib, şəhərə köçürülmüş ailələrə paylanıb.

Regionlar 2024-06-16 14:43:00